Bakının qadın voleybolçulardan ibarət "Azərreyl" klubu beynəlxalq yarışda qüvvəsini sınayacaq. "Rekord.az" xəbər verir ki, komandamız yeni mövsüm öncəsi Türkiyədə keçiriləcək VI Beynəlxalq Boğaziçi Voleybol Turnirinə qatılacaq.
20-23 avqust tarixlərində İstanbulda təşkil olunan yarışda təmsilçimiz 5 yerli komanda ilə mübarizə aparacaq. "Azərreyl"lə yanaşı, "Sarıyer Belediyespor", "Qalatasaray", "PTT Spor" , "Çan Gençlik Kale Spor" və Kuzeyboru" kollektivləri turnirin qalibi adı uğrunda yarışacaqlar.
Sabah start götürəcək qrup mərhələsində Bakı klubu "Qalatasaray" və "PTT Spor" ilə eyni qrupda yer alıb. 
Qeyd edək ki, Azərbaycan millisinin legioner həyatı yaşayan üzvü Ayşən Abduləzimova da yarışda çıxış edəcək. Təcrübəli voleybolcumuz bu mövsüm razılığa gəldiyi "Sarıyer" ilə yarışa qatılıb.

Pandemiya səbəbindən bütün oyunlar azarkeşsiz keçiriləcək.