Bakı klubu ilə çempion olmuş serb məşqçi: " Azərbaycanda bir komandanı idarə etmək təklif olunarsa, düşünmədən qəbul edərəm"
- 25 Avq 2021 12:19
- 1091
Bir vaxtlar ölkəmizdə çalışmış təcrübəli serbiyalı voleybol mütəxəssisi Zoran Qayiç voleybolumuzun bu günü ilə bağlı fikirlərini bölüşüb. "Rekord.az" xəbər verir ki, hazırda Serbiya Voleybol Federasiyasının prezidenti olan Qayiç Azərbaycan Voleybol Federasının mətbuat xidmətinə açıqlamasında Bakıda çalışdığı vaxtlardan, voleybolumuzun üzləşdiyi hazırkı problemlərin həlli yollarından danışıb:
"Azərbaycan millisinin Avropa çempionatındakı çıxışlarını izləyirəm. Görünür ki, komanda daha yaxşı oyun göstərə bilər. Oyunçular kifayət qədər gəncdir və onlardan nəsə gözləmək də düzgün deyil. Heyətdə Məmmədova, Rəhimova, Səmədova (Krneta), Əliyeva kimi bəzi aparıcı oyunçular da yoxdur. Bir sual yaranır, Avropa çempionatı bitdikdən sonra bu qızlar harada oynayacaqlar? Bəli, kimsə xaricdə çıxış edəcək, amma bildiyim qədər hazırda Azərbaycanda ölkə çempionatı yoxdur. Gənc oyunçuların inkişafı üçünsə mütləq ölkə çempionatı təşkil olunmalıdır. Böyük idman ənənələri olan bir ölkədə hazırda Azərbaycan çempionatı niyə keçirilmir? Bütün bunlar oyunçuların inkişafına mənfi təsir edir. Azərbaycan millisini inkişaf etdirmək üçün mütləq çempionatı bərpa etmək və güclü liqa yaratmaq lazımdır. Ən azı 6 komanda olmalıdır. Bir neçə təcrübəli əcnəbi oyunçu da cəlb etmək lazımdır ki, azərbaycanlı voleybolçular mövsüm boyu onlarla birgə çıxış etsinlər və oyun praktikası qazansınlar.
Azərbaycanın voleybol ənənələri var. Mən də bir neçə il "Rabitə" klubunda çalışmışam və bu çempionatı görmüşəm. Azərbaycan birinciliyi Avropanın ən güclü çempionatlarından biri idi. Əlbəttə ki, həmin vəziyyəti qoruyub saxlamaq üçün böyük maliyyə lazımdır. O zaman "Azərreyl", "Azəryol", "Lokomotiv", "Rabitə" avropanın ən güclü klubları sırasında yer alırdılar. Xatırlayıram, həmin illərdə yaxşı təşkilatçılıq vardı. Azərbaycan milli komandası da bu illərdə beynəlxalq yarışlarda daha yaxşı çıxış edirdi. Deməli, yenidən 6 klub yaradılmalı, yerli oyunçular bu komandalarda yerləşdirilməlidir. Bu komandaları daha da gücləndirmək lazımdır ki, oyunçular da inkişaf etsinlər. Bunu təkcə federasiya edə bilməz. Bu işdə dövlət federasiyaya dəstək verməlidir. Məsələn, Serbiyada qayda belədir ki, federasiya dövlət büdcəsindən maliyyələşir və ümumi nəzarət edir. Ayrı-ayrı klubları isə aid olduqları şəhərlər və sponsorlar maliyyələşdirir. Federasiya isə lazım olanda həmin komandalara dəstək verir. İlk növbədə klub səviyyəsində yaxşı təşkilatçılıq olmalıdır. Azərbaycan çempionatı keçirilməlidir. Bunsuz milli komandanı formalaşdırmaq çox çətindir.
Bir az əvvəl dediyim kimi mən bir neçə il Azərbaycanda "Rabitə" klubunda çalışmışam. Hazırda Avropa Voleybol Konfederasiyasının İdarə heyətinin üzvü və Azərbaycan Voleybol Federasiyasının baş katibi olan Cəlil Cəfərov o zaman Rabitə klubunun prezidenti idi. Cəfərovun rəhbərliyi altında bizim klubumuz çox böyük işlər həyata keçirib. "Rabitə" klubu dünya çempionu olub, bir neçə dəfə ölkə birinciliyinin qalibi adını qazanıb. Sizi inandırım ki, mənə yenə də Cəlil Cəfərovla birgə işləmək və Azərbaycanda bir komandanı idarə etmək təklif olunarsa düşünmədən qəbul edərəm. Çünki mən Azərbaycan voleyboluna, oradakı təşkilatçılığa bələdəm. Azərbaycan mənə çox doğma ölkədir.
Bildiyiniz kimi bir neçə ildir ki, Serbiya Voleybol Federasiyasının prezidentiyəm. Azərbaycan və Serbiya arasında voleybol sahəsində hər zaman gözəl əlaqələr olub və inanıram ki, bu münasibət hələ çox davam edəcək. Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayevlə, AVF-nin baş katibi Cəlil Cəfərovla çox yaxşı münasibətlərimiz var. Onlar voleybolu çox sevən idman adamalarıdırlar, hər zaman ölkədə voleybolun inkişafı üçün çalışıblar. İnanıram ki, Azərbaycanın güclü ölkə çempionatı və avropa, dünya səviyyəsində güclü voleybolçuları olacaq.
Avropa çempionatına gəldikdə isə favoritlər içərisində Serbiya, Rusiya, İtaliya, Türkiyə, Niderland millilərini qeyd edə bilərəm. Polşa millisi də inamlı təsir bağışlayır. Bolqarıstanı, Belçikanı da bu sıraya daxil etmək olar. Bir neçə komanda var ki, medallar uğrunda mübarizə apara bilər".