Bakı klubunun baş məşqçisi və oyunçusu koronavirusa yoluxdu, qarşılaşmalar təxirə salındı
- 01 Fev 2022 16:32
- 513
Voleybol üzrə ölkə çempionatının iştirakçısı olan Bakının “Sərhədçi” klubunun rəhbərliyi Azərbaycan Voleybol Federasiyasına müraciət ünvanlayıb. "Rekord.az" xəbər verir ki, komanda koronavirusla bağlı qarşıdakı oyunlarının təxirə salınmasını istəyib.
Müraciətdə bildirilib ki, komandanın baş məşqçisi Qüdrət Məlikov və oyunçusu Ramiz Bağırov COVİD-19 virusuna yoluxublar: “Onların məşq prosesində komandanın digər üzvlərilə təmasda olduqlarını nəzərə alaraq, fevralın 2-də və 5-də Azərbaycan Yüksək Liqasının müvafiq olaraq "MOİK" və “Murov”la oyunları başqa tarixə dəyişdirilsin”.
AVF yaranmış vəziyyətlə əlaqədar “Sərhədçi”nin hər iki qarşılaşmasının təxirə salınmasını qərara alıb. Matçların tarixi və keçirilmə yeri ilə bağlı əlavə məlumat veriləcək.