Bakıda AMADA-nın sədrliyində Avropa Şurasının gender bərabərliyi üzrə xüsusi komitəsinin iclası keçirilib
- 29 İyn 2023 17:25
- 314
Antidopinq sahəsində gender bərabərliyi standartlarının müəyyənləşməsi məqsədi ilə Avropa Şurasının gender bərabərliyi üzrə xüsusi komitəsinin (GECA) növbəti iclası Bakıda keçirilib. “Birlikdə bərabərliyə doğru: Bakı dialoqu” adlı tədbirə AMADA-nın direktoru, GECA-nın rəhbəri Şəfəq Hüseynlinin sədrlik edib. İclas gender bərabərliyin təminatı kimi qızlar məktəbinin açılmasının tarixi faktını əks etdirən Əlyazmalar İnstitutunda keçirilib.
İclasda Norveç, İrlandiya, Finlandiya, Polşa, Sloveniya və Rumıniyanın, habelə Ümumdünya Antidopinq Agentliyi, Beynəlxalq Olimpiya Komitəsi, UEFA, Avropa İttifaqının İdman Təşkilatı (EU Athletes), Avropa Şurasının EPAS-ın icraçı katibinin müavini, Avropa Şurasının Gender Bərabərliyi Bölməsinin proqram meneceri, Avropa Şurasının katibliyinin nümayəndələri və qurumun gender bərabərliyi üzrə ekspertləri iştirak edib.
Görüş zamanı antidopinqdə gender bərabərlyinin təmin edilməsinin əhəmiyyəti bir daha vurğulanaraq bunun Avropa Şurasının 2022-2025-ci illər üzrə Strateji Priortetlərinə daxil edilidiyi bildirilib. Bu səbəbdən də Şəfəq Hüseynlinin müəllifi olduğu , “Antidopinq sahəsində gender bərabərliyinin gücləndirilməsi” layihəsi xüsusi ilə diqqətdə mərkəzində saxlanılır və layihə Avropa Şurasının Baş katibinin nəzarəti altındadır.
Şəfəq Hüseynli bildirib ki, hazırda iclasın gündəliyindəki əsas məsələlərdən biri də indiyədək görülən işlər əsasında Avropa Şurası Nazirlər Komitəsinə təqdim ediləcək tövsiyələrin əsas müddəalarının hazırlanmasıdır. Müzakirələr zamanı Layihənin icrası ilə bağlı ilin sonunda təsdiq olunması nəzərdə tutulan gender bərabərliyi standartlarına dair sənədin formatı və məğzi müəyyənləşdirilib. Artıq yekun sənədin müəyyən olunmuş formatda hazırlanmasına start verilib və ilin sonunadək baxılması üçün Avropa Şurasının müvafiq orqanlarına təqdim ediləcək.
Qeyd edək ki, bu layihə antidopinq sahəsində ilk belə əhəmiyyətli və irimiqyaslı layhədir. Belə ki, 50-ə yaxın ölkəni əhatə edən layihə çərçivəsində antidopinq sahəsində beynəlxalq qanunvericilik və prosedurlar gender bərabərliyi nöqteyi-nəzərdən təhlil edilib və antidopinq qurumlarının idarəetmə və qərarverici orqanlarında qadınların iştirakının dərəcəsi müəyyənləşdirilib.
Komitənin fəaliyyət istiqamətləri haqqında da danışan Şəfəq Hüseynli bildirib ki, artırılması, antidopinq sahəsini tənzimləyən beynəlxalq və yerli qanunvericilikdə gender məsələsinin əks olunması və dopinq nəzarəti prosesində gender xüsusiyyətlərindən irəli gələn həssas məsələlərin nəzərə alınması əsas prioritetlərdir.
Qeyd edək ki, Avropa Şurasının gender bərabərliyi üzrə xüsusi komitəsi – GECA “Antidopinq sahəsində gender bərabərliyinin gücləndirilməsi” layihəsini dəstəkləmək və icra etmək məqsədi ilə yaradılıb. Bu barədə Avropa Şurasının Ümumdünya Antidopinq Agentliyi üzrə xüsusi Avropa Komitəsinin (CAHAMA) ötən ilin noyabrında keçirilən 55-ci iclasında qərar verilib. Beynəlxalq səviyyədə böyük marağa səbəb olan və Avropa Şurası Nazirlər Komitəsini tərəfindən dəstəklən layihə CAHAMA-nın 2022-2025-ci illər üzrə əsasnaməsinə daxil edilib. Komitənin fəaliyyətinin və layihənin icrasının yekunlarına dair hesabat və tövsiyələr hazırlanaraq Avropa Şurası Nazirlər Komitəsinə təqdim ediləcək.