Bakıda atıcılıq üzrə “Dünya Kuboku 2023” start götürüb
- 09 May 2023 13:39
- 566
Bakı Atıcılıq Mərkəzində “Dünya Kuboku 2023” yarışlarının açılışı keçirilib. Yarışlara dünyanın 66 ölkəsindən 623 idmançı qatılıb. İdmançılar 6 gün ərzində güllə atıcılığının 10 növündə qalibiyyət uğrunda mübarizə aparacaqlar.
Açılış mərasimində yarışların Azǝrbaycan xalqının Ümummilli Lideri Heydǝr Əliyevin 100 illiyinə təsadüf etdiyi vurğulanıb. Bildirilib ki, Azǝrbaycan gǝnclǝrinin sağlam hǝyat tǝrzi üçün idmanın inkişafına ǝhǝmiyyǝt verǝn vǝ idmançıları daim dǝstǝklǝyǝn Heydǝr Əliyevin müstǝqil Azǝrbaycanın beynǝlxalq idman arenasında tanınmasında əvəzsiz xidmətləri olub.
Gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək, ölkəmizdə üçüncü dəfə keçirilən dünya kuboku yarışlarının Azərbaycanda atıcılıq idman növünün inkişafında böyük rolu olduğunu, ilk olimpiya qızıl medalımızın məhz onun prezidentliyi vaxtında qazanıldığını bildirib. Nazir Beynəlxalq Atıcılıq İdman Federasiyasına təşkilati işlərdə dəstəyinə görə təşəkkür edib.
Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Zemfira Meftahəddinova bu yarışlara ölkəmizin də böyük heyətlə qatıldığını bildirərək, bütün idmançılara uğurlar arzulayıb.
Beynəlxalq Atıcılıq İdman Federasiyasının idarə heyətinin üzvü Hazem Hosni güllə atıcılığı üzrə “Paris 2024” Yay Olimpiya Oyunlarında tətbiq olunacaq yeni qaydaların bugündən etibarən qüvvəyə mindiyini elan edib və Beynəlxalq Federasiyanın prezidenti adından “Dünya Kuboku 2023” yarışlarını açıq elan edib.
Tədbir konsert və əyləncə proqramı ilə davam edib.
Yarışların ilk final oyunları mayın 10-dan başlayacaq.