Bakıda beynəlxalq konfrans keçiriləcək
- 22 İyn 2022 16:30
- 440
İyunun 24-25-də Bakıda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının təşkilatçılığı ilə Beynəlxalq Olimpiya Gününə həsr olunmuş “İdman elminin müasir aspektləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.
Rekord.az xəbər verir ki, konfransın məqsədi idmanın inkişafında son elmi nailiyyətlərin birgə müzakirəsi və təcrübə mübadiləsidir.
Konfransda respublikamızın bədən tərbiyəsi və idman sahəsində görkəmli mütəxəssisləri ilə yanaşı Böyük Britaniyanın London Kollec Universiteti (UCL), London İmperial Kolleci, Volverhampton Universitetinin, Türkiyənin Eskişehir Texniki Universiteti, Rusiyanın MGİMO, Lomonosov adına Moskva Dövlət Universiteti və digər ali məktəblərin professor heyətinin iştirakı gözlənilir.
Maykl Pol Luzmor, Denis Remedios, Roman Yahoda, Taro Netzer, Endi Leyn, Hayri Ertan, Artem Malqin, Nikolay Peşin kimi beynəlxalq səviyyədə tanınmış mütəxəssislər öz bilik və təcrübələrini konfrans iştirakçıları ilə bölüşmək üçün ölkəmizə səfər edəcəklər.
Konfrans "Baku Marriott Hotel Boulevard" otelində keçiriləcək ilk günündə idman elminin idman psixologiyası, idman tibbi, idman menecmenti və idman hüququ kimi istiqamətləri üzrə aktual mövzularda məruzələr təqdim ediləcək. İkinci gündə isə “İdmançıların hazırlıq sisteminin təkmilləşdirilməsi”, “Bədən tərbiyəsində kütləvilik və sağlam həyat tərzinin formalaşdırılması” və “Bədən tərbiyəsi və idman fəaliyyətinin təşkili” bölmələrində maraqlı təqdimatlar və müzakirələrlə ASAPES-də davam edəcək.