"Bakıda döyüşəndə özümü köpək balığı kimi hiss edirəm"
- 05 Sen 2022 16:00
- 415
"Mənə dəstək olan hamıya təşəkkür edirəm. Bakıda qızıl medal qazandığım üçün xoşbəxtəm. Hər şey super alındı. Tamaşaçıların dəstəyi məni qələbəyə ruhlandırdı. Mən də öz növbəmdə onları sevindirdim. 3 qızıl və 3 bürünc medal əla nəticədir".
Rekord.az xəbər verir ki, bunu report-a açıqlamasında Bakıdakı Premyer Liqa turnirində qızıl medal qazanan Azərbaycanın qadın karateçisi İrina Zaretskaya deyib.
68 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı qələbə münasibətilə bütün karateçiləri təbrik edib: "Bu cür nəticə üçün çox çalışmışdıq. Azərbaycan Premyer Liqa turnirində heç vaxt bu qədər qızıl medal qazanmamışdı. Doğma divarlar arasında bütün gücünü ortaya qoyursan. Çünki zaldak könüllülər də səni dəstəkləyir. Yerli publika hr xal uğrunda səninlə birlikdə mübarizə aparır. Hakimlərin qazandığın xalı qeydə almaqdan başqa yolu olmur. Özünü köpək balığı kimi hiss edirsən və qan qoxusu aldıqda daha irəli gedirsən".
10 il öncə Bakıda gənclər arasında Avropa çempionu olduğunu xatırladan Zaretskaya bu dəfə də ən yaxşı nəticəni göstərmək üçün əlindən gələni etdiyini bildirib: "Finalda məğlub etdiyim italiyalı Silvia Semeraro ilə dəfələrlə üz-üzə gəlmişəm. Bu il 4-cü duelimiz idi. Hələlik hesab 2:2-dir (gülür). Bugünkü finalda 4:1 hesabı ilə öndə idim. Sonradan ardıcıl səhvlər fərqin azalmasına səbəb oldu. Bu isə məni əsəbləşdirirdi. Xal qazanmaq üçün sürətli qərarlar qəbul etməli idim. Riskə getdim, rəqib isə texniki səhvə yol verdi. Nəticədə Semeraro cərimələndi və mən qələbə qazandım".
O, final görüşündən sonra Semeraro ilə aralarındakı söhbəti də açıqlayıb: "Nəticədən narazı idi. Ona bildirdim ki, bu idmandır. Portuqaliyadakı yarışda hakimlər mənə qarşı haqsızlıq etmişdilər. Rəqibimə söylədim ki, bu dəfə ədalət təmsilçiləri mənə daha çox köməklik göstərdilər (gülür). Dedim ki, məyus olma, bundan sonra hələ çox görüşlərimiz olacaq".
Zaretskayanın sözlərinə görə, artıq "Grand Winners" mükafatını qazanması rəsmiləşib: "Məni bu münasibətlə təbrik edə bilərsiniz".
O, yeni mövsümə Azərbaycanda hazırlaşacağını bildirib: "Buranı sevirəm, Bakıda qalacağam. Gələn il bizi Avropa Oyunları, dünya çempionatı gözləyir. Eyni istəklə nüfuzlu yarışlara hazırlaşacağam. Bu medal məni yeni uğurlara həvəsləndirir".