Bakıda hakimlər üçün seminar keçirilib
- 04 Noy 2019 13:25
- 1163
Ölkəmizdə 2019-2020-ci illərdə keçiriləcək turnirlərdə iştirak edəcək hakimlərin seminarı keçirilib. Azərbaycan Voleybol Federasiyasından (AVF) “Rekord.az”a verilən məlumata görə, Voleybol Mərkəzində baş tutan seminarda 57 hakim iştirak edib.
Seminarın açılış tədbirində AVF-nin hakimlər komissiyasının sədri Vaqif Əliyev, Təhsil İdman İdarəsinin nümayəndəsi və hakimlər komissiyasının üzvü Çingiz Səmədov, federasiyanın ölkə yarışları üzrə koordinatoru Oqtay Musayev, beynəlxalq dərəcəli hakimlər - Eldar Zülfüqarov və Zaur Hacıyev iştirak ediblər.
Beynəlxalq dərəcəli hakimlərimiz Eldar Zülfüqarov və Zaur Hacıyev seminar iştirakçılarına yeni qaydalar haqqında məlumat veriblər, onları maraqlandıran sualları cavablandırıblar. Seminarın sonunda hakimlər onlar üçün hazırlanmış test imtahanında iştirak ediblər. Testin nəticələrinə görə Hakimlər komissiyası hakimlərin təyinatını həyata keçirir.
Qeyd edək ki, bir neçə ildir ölkəmizdə keçirilən bütün yarışlar üzrə hakimlər AVF Hakimlər komitəsi tərəfindən təyin edilir. Federasiya hər il hakimlərin bilik və bacarıqlarını artırmaq üçün bu kimi seminarlar keçirir.