Bakıda "Heydər Əliyev-100. Voleybola dəstək marafonu" keçirilib
- 17 İyn 2023 13:07
- 286
Azərbaycan Voleybol Federasiyası (AVF) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev 100. Voleybola dəstək marafonu" keçirib. "Rekord.az" xəbər verir ki, marafonda gənclər və idman naziri Fərid Qayıbov, AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezident Bəhruz Quliyev, baş katib Faiq Orucov, qadınlardan və kişilərdən ibarət yığma komandalarımızın üzvləri, yeniyetmə, gənc və veteran voleybolçular, digər növlərlə məşğul olan idmançılar, nazirliyin və federasiyasının əməkdaşları, media nümayəndələri və şəhər sakinləri iştirak ediblər.
Qaçış Dənizkənarı Bulvarda yerləşən "Dəniz Mall"un qarşısından start götürüb. Marafonçular buradan Bayraq meydanına və geriyə olmaqla, ümumilikdə 5 km məsafədə qaçıblar. Daha sonra "Dəniz Mall"un qarşısında qurulmuş voleybol meydançalarında milli voleybolçularımız və şəhər sakinlərinin iştirakı ilə simvolik yarış keçirilib. Burada, həmçinin marafon iştirakçıları və qonaqlar üçün voleybol oyunları və müxtəlif əyləncəli şoular təşkil olunub.
Qeyd edək ki, tədbir ölkə Prezidenti cənab İlham Əliyevin voleybolun paytaxtda və bölgələrimizdə inkişafı ilə bağlı verdiyi tövsiyə və tapşırıqları çərçivəsində təşkil olunub. Marafon ölkəmizdə voleybolun inkişafı, geniş kütlə arasında yayılması, yeniyetmə və gənclərin bu idman növünə cəlb olunmasına xidmət edir. AVF-nin belə tədbirlərinin paytaxtla yanaşı, bölgələrdə də təşkili nəzərdə tutulur.