Bakıda idman üzrə beynəlxalq tibbi seminar keçirilir
- 18 Okt 2024 16:00
- 243
Oktyabrın 18-də Bakıda Avropa Cüdo Birliyinin (EJU) Tibb Komissiyasının beynəlxalq tibbi seminarı işə başlayıb.
Rekord.az xəbər verir ki, seminarın açılışında Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu çıxış edərək bu seminarın keçirilməsi təşəbbüsü ilə ötən il EJU-ya müraciət etdiklərini bildirib və göstərilən etimada görə təşəkkür edib.
O, seminarın idman həkimləri üçün biliklərini artırmaq, təcrübə mübadiləsi aparmaq və peşəkar tibbi məsələləri müzakirə etmək üçün dəyərli bir platforma olacağını vurğulayıb. R.Rəsullu idmançıların sağlamlığının federasiya üçün əsas prioritet olduğunu qeyd edib və idmanda tibbi təcrübələrin inkişaf etdirilməsi istiqamətində səylərin davam edəcəyini diqqətə çatdırıb. ACF rəsmisi seminarın təşkilində dəstək göstərdiklərinə görə Gənclər və İdman Nazirliyinə, Azercell Telekom və Azman Holdinqə minnətdarlıq ifadə edib.
Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov seminar iştirakçıları arasında çox sayda ölkənin nümayəndəsinin olmasına diqqət çəkərək, bundan məmnunluq ifadə edib. O, Azərbaycan Cüdo Federasiyasının Paris 2024 Olimpiya Oyunlarındakı uğurunun peşəkarların fədakar əməyinin nəticəsi olduğunu vurğulayıb.
Çıxış edən EJU-nun Tibb Komissiyasının rəhbəri Envik Qalea seminarın Bakıda keçirilməyindən məmnunluğunu ifadə edərək, bu tədbirin iştirakçılar üçün yeni perspektivlər açdığını vurğulayıb. Qalea ACF-in Beynəlxalq Cüdo Federasiyası və EJU ilə sıx əməkdaşlığının olduğunu vurğulayıb və ACF-in regional mərkəz olaraq tanındığını qeyd edib. O, Azərbaycanın idman sahəsində lider ölkələrdən olduğunu söyləyib.
Qeyd edək ki, seminar oktyabrın 19-a qədər davam edəcək.