Bakıda keçirilən Dünya Kubokunda növbəti mükafatçılar bəlli oldu
- 11 May 2024 00:15
- 248
Bakıda keçirilən atıcılıq Dünya Kubokunda qarışıq komanda növündə stend atıcılığı üzrə final yarışları keçirilib.
Rekord.az Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, üçüncü yer uğrunda mübarizədə ABŞ-ni təmsil edən Konner Prinslə Austen Smit, Avstraliyadan olan Eyslin Cons və Coşua Bell ikilisi ilə münasibətlərinə aydınlıq gətiriblər.
Həlledici atışlarda dəqiqlik nümayiş etdirən Avstraliya idmançıları bürünc medalları qazanıblar.
Qızıl medal uğrunda yarışda isə ABŞ-dən olan Danya Vizzi Co ilə Dastin Teylor, Çilidən olan atletlər - Fransiska Krovetto Çadid və Ektor Flores Barahona üz-üzə gəliblər.
Amerika qitəsini təmsil edən komandaların mübarizəsində 3 dəfə Olimpiya iştirakçısı olmuş Çadidin dəqiq atışları Çili komandasına qızıl medalları qazandırıb. ABŞ-li cütlük isə turniri gümüş medallarla başa vurub.