Bakıda “Koreya səfiri kuboku” keçiriləcək
- 12 Okt 2023 13:30
- 417
Oktyabrın 13-də Azərbaycan Taekvando Federasiyasının (ATF), Koreya Respublikasının ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə gənclər arasında “Koreya səfiri kuboku” keçiriləcək.
Rekord.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində təşkil ediləcək yarışda 150-dək idmançı qüvvəsini sınayacaq.
2007-2009-cu il təvəllüdlü taekvondoçular 10 dəst medal uğrunda mübarizə aparacaqlar. Oğlanlar 48 kq, 55 kq, 63 kq, 73 kq, +73 kq, qızlar isə 44 kq, 49 kq, 55 kq, 63 kq və +63 kq çəki dərəcəsində qalibi müəyyənləşdirəcəklər.
Turnir Azərbaycanda taekvondonun təbliği və inkişaf etdirilməsi, respublikada fəaliyyət göstərən taekvondo bölmələrinin işinin təkmilləşdirilməsi, Azərbaycan ilə Koreya arasında idman sahəsində əlaqələrin inkişafı, idmançıların yarış təcrübəsinin və ustalığının artırılması məqsədi daşıyır.
Qaliblər ATF və Koreya Respublikası səfirliyinin təsis etdiyi kubok, diplom, medallar və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.