Bakıda voleybol festivalı keçirilib
- 29 Fev 2020 17:38
- 1026
Azərbaycan Voleybol Federasiyası (#1DayMore4Volleyball) “Voleybol Üçün Daha Bir Gün” adı altında bayram tədbiri keçirib. "Rekord.az" xəbər verir ki, festival Avropa Voleybol Konfederasiyasının (CEV) tövsiyəsinə və devizinə əsasən təşkil olunub. 2016-cı ildən 4 ildən bir təsadüf edilən 29 fevral tarixində Azərbaycan voleybolsevərləri də bir araya gəlib, bayram ediblər.
Tədbir Azərbaycan Voleybol Federasiyasının (AVF) rəsmiləri, voleybolçular və məşqçilərinin Ümummilli Lider Heydər Əliyevin məzarının ziyarəti ilə başlayıb. Voleybol ailəsi Ulu öndərin xatirəsini ehtiramla anıb. Sonra Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla anaraq, məzarı üzərinə gül dəstələri qoyublar. Festival Dərnəgül Voleybol Mərkəzində davam etdirilib.
Voleybolçular meydana dəvət olunduqdan sonra Dövlət himni səsləndirilib və festival açıq elan edilib.
Voleybol gününə həsr olunmuş tədbirdə Azərbaycan Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, AVF-nin vitse-prezidenti Faiq Qarayev, milli komandamızın oyunçusu Şəfaqət Alışanova çıxış edib, bayram sevincini bölüşüblər.
Festival iştirakçılarını salamlayan nazir müavini festival münasibəti ilə iştirakçılara nazir Azad Rəhimovun təbrikini çatdırıb. O bildirib ki, voleybol ölkəmizdə ən populyar idman növlərindən biridir: “Bu idman növü ilə məşğul olan çoxlu qız və oğlanlarımız var. Bunun sayəsində ölkəmizdə voleybol yüksələn xətlə inkişaf edir. Nəinki paytaxtda, Bakıdan kənarda da bu idman növünə xüsusi sevgi var. Arzu edirəm ki, növbəti Olimpiadada ölkəmiz bu növ üzrə milli komanda ilə də təmsil olunsun. Bu yolda hər birinizə uğurlar arzulayıram”.
Ardınca söz alan Faiq Qarayev də bu günün əhəmiyyətindən danışıb. O Azərbaycan voleybolunun inkişafında pay sahibi olan hər bir kəsə təşəkkürünü də çatdırıb: “Bu gün bizim bayramımızdır. Voleybolla məşğul olan hər kəsi təbrik edirəm. Dünyasını dəyişmiş veteran voleybolçularımızın ruhu şad olsun. Voleybolumuzun bu səviyyəyə çatmasında onların rolu danılmazdır. Bu gün hər birimiz Azərbaycan voleybolunun daha da inkişaf etdirilməsi üçün çalışırıq. Voleybolçularımıza, o cümlədən hər bir idmançımıza uğurlar və can sağlığı arzulayıram”.
Azərbaycan milli komandasının üzvü Şəfaqət Alışanova da bayramın hər bir voleybolçu kimi həyatında xüsusi bir yer tutduğunu vurğulayıb. O, voleybol ailəsi adından Azərbaycan Prezidenti cənab İlham Əliyevə xüsusi təşəkkür edib. Bildirib ki, voleybolçular ölkə başçısının dəstəyini həmişə hiss edir: “Cənab Prezident idmana, voleybola xüsusi qayğı göstərir. Həmişə bizə dəstək olur. Voleybolçular adından cənab Prezidentə təşəkkür edirim. O, ölkəmizdə keçirilən bütün yarışlarda oyunlarımızı arenadan izləyib, qələbə və məğlubiyyətimizdə yanımızda olub. Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanova da minnətdarlığımızı bildiririk. Bu idman növünə xüsusi diqqəti bizim inkişafımızda böyük rol oynayır. Voleybolu bizə sevdirən Faiq müəllimi həm təbrik edirəm, həm də təşəkkür edirəm. Bizə bu idman növünü o sevdirib. Hamını – rəhbərliyi, voleybolçuları, məşqçiləri, voleybolsevərləri bu gözəl bayram münasibəti ilə təbrik edirəm. Həmişə qələbə bizimlə olsun”.
Çıxışlardan sonra müğənni Vasif Məhərrəmli voleybolçuları və bu idman növünü sevənləri təbrik edib, musiqi proqramı ilə onlara sevincli anlar bəxş edib.
Yekunda istedadlı voleybolçuların seçimi oldu. Festivalda iştirak edən 1, 2 və 3 saylı uşaq evlərində fərqlənən uşaqlara baxış keçirilib. 75 uşaqdan ən yaxşıları seçilərək, xüsusi nəzarətə götürülməsinə qərar verilib.