Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında qadınlar arasında pnevmatik tapançadan 10 metr məsafəyə atəş açmada qaliblər müəyyənləşib.

Rekord.az xəbər verir ki, bu növdə həm fərdi, həm də komanda halında medallar, həmçinin, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyalar qazanılıb.

Çin yığmasının üzvü Yianq Ranxin fərdi mübarizədə 239.8 xalla qızıl medala yiyələnib. Gümüş medal 238.3 xal toplayan yunanıstanlı Anna Korakakiyə, bürünc medal isə 218.9 xal yığan digər çinli Li Xueyə qismət olub.

Komanda növündə də ilk yeri çinlilər tutub. Gümüş medala Macarıstan, bürünc medala isə İran seçməsi sahiblənib.

10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə qadınlar arasında yarışın iştirakçıları olimpiadaya 4 lisenziya əldə ediblər.

Yianq Ranxin, macarıstanlı Rahel Sara Fabian, vyetnamlı Trinh Tu Vinh və Cənubi Koreya təmsilçisi Kim Bomi buna müvəffəq olublar.