Bakıdakı dünya kubokuna yekun vuruldu
- 06 İyn 2022 22:00
- 496
Bakıda təşkil olunmuş atıcılıq üzrə dünya kubokuna yekun vurulub. Rekord.az xəbər verir ki, bu gün turnirin son qalibləri müəyyənləşib.
Sürətli tapançadan atəşaçma üzrə 25 metr məsafəyə kişilərin komanda yarışında Koreya idmançıları Dayeyun Han, Jekyun Li, Yonq-Ho Song qızıl medal qazanıblar.
Qarışıq komandalar arasında “Dairəvi stend" (Skeet) yarışlarında isə ABŞ idmançıları qızıl, Almaniya gümüş medallar ilə ilk pillələrdə qərarlaşdılar. 3-cü yeri isə Çexiya və İtaliya təmsilçiləri qazanaraq, bürünc medalla yiyələniblər.
Beləliklə, dünya kubokunun yekunlarına görə Koreya Respublikasının komandası 5 qızıl və 3 bürünc medalla 1-ci yeri tutub. ABŞ 4 qızıl, 3 gümüş və 1 bürünc medalla ikinci, Fransa 3 qızıl, 2 gümüş və 1 bürünc medalla üçüncü olub. Ən çox medal qazanan ölkə isə Ukrayna olub – 2 qızıl, 4 gümüş və 3 bürünc. Buna baxmayaraq, sözügedən ölkə ümumi sıralamada 4-cü yerlə kifayətlənib. İlk “beşliy”i 2 qızıl və 3 gümüş medal qazanmış Hindistan qapayıb.