Bakıdakı Dünya Kubokunda növbəti medalçılar müəyyənləşdi
- 07 May 2024 14:20
- 225
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda qadınlar arasında 25 metr məsafəyə tapançadan atəş açma növündə final görüşləri keçirilib.
Rekord.az xəbər verir ki, koreyalı və çinli atletlər arasında mübarizə kifayət qədər maraqlı alınıb.
Koreyanı təmsil edən Jun Yang 50 atışdan 41-ni dəqiq yerinə yetirərək qızıl medala sahib olub. Çinli Nan Zhao 37 halda hədəfi dəqiq nişan alaraq gümüş medala yiyələnib. Almaniyalı Josefin Eder 32 dəqiq atışla üçüncü yeri tutub.
Yarış başa çatandan sonra Josefin Eder finalla bağlı fikirlərini bildirib: “Qızıl medal qazanmaq istəyirdim. Yarışlar, işıqlandırma sistemləri, atış mərkəzləri, hətta iştirak etdiyin günlər belə fərqli olur. Görünür, bugünkü rəqiblərim məndən daha hazırlıqlı idilər. Görmə məsafəmdə müəyyən problemlər yarandı ki, bu da daha çox xal qazanmağımı əngəllədi. 2024-cü ilə yaxşı başlamışam. Rio-de-Janeyroda qızıl medal qazanmışdım, Bakıda üçüncü oldum. Paris-2024 olimpiadasında hədəfim ölkəmiz adına medal qazanmaqdır".
İdmançı bir neçə dəfə ölkəmizdə olduğunu söyləyib: "Azərbaycana artıq neçənci səfərim olduğunu unutmuşam. Bakı gözəlliyi ilə seçilən şəhərdir, yerli təamlar xoşumuza gəlir. Ən əsası, yarışlar yüksək səviyyədə təşkil olunur. Hər dəfə eyni gözəllikləri görməkdən zövq alırıq”.