Baş məşqçi şokdadır, klubun taleyi sual altındadır!
- 19 Dek 2019 13:00
- 1182
Ötən həftənin cümə günü AFFA-nın saytında yerləşdirilən xəbər futbol ictimaiyyətini yerindən tərpətdi. Düzdü, ölkə futbolunda, xüsusən də birinci divizionda oyun alğı-satqısı geniş vüsət alıb.
Rekord.az xəbər verir ki, artıq neçə illərdi ayrı-ayrı futbolçular və klublar futboldan silinir, cəzalandırılır, dindirilir.
Buna baxmayaraq, kimlərsə öz işində, yəni çirkin yollarla pul qazanmağında imiş. Ötən cümə yayılan xəbərdə 3-5 nəfərin adı hallansaydı, dərd yarı. Birdən-birə 28 nəfərin oyun alğı-satqısında günahkar bilinməsi, başqa cür desək, bukmeker kontorları ilə əməkdaşlıqda suçlanaraq futboldan uzaqlaşdırılması şok effekti verdi.
Bəli, tam 28 nəfər. Aralarında klubda əsas söz sahibi olan da var, məşqçi, inzibatçı və xeyli sayda futbolçu da. Və ən maraqlısı həmin 28 nəfərdən 17-nin “Ağsu”nu, 7 nəfərin “Turan Tovuz”u “təmsil etməsidi”. Bir nəfər “Zirə-2”dəndi, daha 3 nəfər isə Region Liqasında iştirak edən komandalardan.
İndiki məqamda diqqətlər ən çox “Ağsu” ilə “Turan Tovuz”un üzərindədi. Bu iki komanda futbol klubundan çox qumarxananı xatırladır. Bu qədər kütləvilik, belə mütəşəkkil qruplaşma...
Adam deməyə söz tapmır. Şərəfini pula satanların canları cəhənnəmə. Onların əməlinə görə neçə-neçə insanın çörəkpulusuz qalmaq ehtimalı var.
İstər komanda yoldaşları olsun, istərsə də oynadıqları komandaların baş məşqçiləri. Odu ki, günahkar bilinən futbolçuların top qovduqları komandaların baş məşqçiləri ilə söhbətdə nə düşündüklərini öyrənməyə çalışdıq (Futbol+).
Zaur Əsədov (Ağsu): “Vallah, nə deyəcəyimi bilmirəm. Qərar açıqlanan gündən şoka düşmüşəm, hələ də ayıla bilmirəm. Pis vəziyyətdə qalmışıq. Klubun, komandanın taleyi necə olacaq – bilinmir. İnana bilməzdim ki, komandada bu qədər uşaq var. 4-5 nəfər olsaydı, hardasa inanmaq, fikirləşmək olardı. Amma bir komandanın 14 futbolçusu... Nə bilim, vallah. Əlimdə sübut yox idi deyə, heç nə edə bilmirdim. Çıxılmaz vəziyyətdə qalmışdım. Hər şey ortadadı. Komandaya gələndə hər biri ilə söhbət etdim. Özlərinə də bildirdim ki, ötən il nə olub, nə olmayıb, mənlik deyil. Komandaya yeni gəlmişəm, kömək edin, nəticə verək. Mənim üçün təmizlik hər şeydən vacibdi. Hətta onu da demişdim ki, bəlkə sizi bu işə vadar edən var, kimsə məcbur edir. Adını mənə deyin, aidiyyatı qurumlarla tədbir görək... Bu nə idi başımıza gəldi. 3-4 gündü özümə gələ bilmirəm. Heç kimlə danışmamışam, hərə bir tərəfə dağılışıb. Siyahıda elə adlar var ki, oxuyanda gözlərimə inana bilmirəm. Bilmirəm, köhnə söhbətdi, yoxsa cari mövsümlə bağlıdı. Konkret oyun adları çəkilmir axı. Olar e, daha bu qədər də yox da. Məni havalandıran gənc futbolçulardı. Yaşlıları bir tərəfə qoyuram, 1998 təvəllüdlü uşaq buna necə gedə bilər axı? Orxan, Kənan, Elçin, Məhəmməd – bunlar cavan uşaqlardı, hamısını yeni gətirmişdik. Region Liqasında oynamış futbolçular idi. Bunları bizə elə tərifləmişdilər ki. Məəttəl qalmışam e. Yaxşı, bu adları sildilər, futboldan uzaqlaşdırdılar. Bəs klubun, komandanın taleyi necə olacaq? Günahsız uşaqlar var, hansı ki, 300-500 manat qazanıb evinə bir tikə çörək aparırlar. O uşaqlar nə edəcək?”
İlham Yadullayev: “Mənim yerimdə kim olsa, şoka düşər. Ağlına 1 nəfər gələr, lap 2 nəfər, amma 7 nəfər... Amma başqa tərəfdən də deyirsən ki, Allaha şükür, komanda təmizləndi. Belə deyim, adamları tanımış olursan. Zəif oyunlarımız olub ki, oturub təhlil edəndə müəyyən nöqsanlar görmüşük. Ancaq kiminsə yaxasından tutub deyə bilməzsən ki, bilərəkdən etmisən, filan şeyə görə etmisən. Çünki əlində buna dair fakt yoxdu. Adətən, belə hallar yaşananda ağla müdafiəçilərin, yaxud qapıçıların adı gəlir. Di gəl ki, həmin siyahıdakı 7 nəfərdən heç biri arxa xətt oyunçusu deyil (PFL-ə təqdim olunan iştirak ərizəsində Sənan Qocayevlə Şahin Quluzadə müdafiəçi kimi göstərilib – H.). Elə oyunlar olub ki, qol vəziyyətləri boşa verilib. Bilərəkdən vurmayıb, yoxsa ustalıq səviyyəsi aşağı olduğuna görə vura bilməyib, bunu kiminsə boynuna qoymaq olmur. Bu yaxınlarda iki futbolçunu komandadan uzaqlaşdırmışdım. Bu söz-söhbətə görə yox, daxili intizam qaydalarını pozduqlarına və zəif oyunlarına görə. Baxıram ki, 7 nəfərin arasında onların da adı var. Onsuz da dövrə bitəndən sonra dəyişikliklər edəcəkdik. 7 nəfərin hamısı olmasa da, bəziləri ilə yollar ayrılacaqdı. Amma konkret bu məsələyə görə deyildi. Sadəcə, futbolçu bacarıqları məni qane etmirdi. Bu məsələdə kimsə məni qınayırsa, deməyə cavabım var. Heç kimin yanında başıaşağı deyiləm. O qədər namərd var ki, arxadan söz deyir. Hələ ki mənə “bu qədər futbolçu olub, sənin niyə xəbəri olmayıb” sualını verən olmayıb. Rəhbərlik də görür ki, gələn gündən dəyişikliklərin zəruri olduğunu qeyd etmişəm. Şükürlər olsun, “təmizlik” işi görüldü. “Turan Tovuz” ölkə futbolunda qalmalı, çıxışını davam etdirməlidi”.