“Gərgin oyun keçdi. Hər iki komanda qalib gəlmək istəyirdi. Biz daha istəkli idik. "Turan Tovuz"a uğurlar arzulayıram. Biz isə yolumuza davam edəcəyik”.

Rekord.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov Misli Premyer Liqasının 27-ci turunda səfərdə "Turan Tovuz"u 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra bildirib.

O, keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. 

- Alan Diasın meydanda olması qələbədə nə qədər rol oynadı?

- Miloş Miloviç cəzalı durumda idi. "Turan Tovuz"un üstün cəhətlərini bilirdik. Alan Dias komandaya kömək etdi. Ona və bütün komandaya təşəkkür edirəm.

- Son dönəmlərdə olan tənqidlər komandaya necə təsir edir?

- Mən bunu keçməliydim. Belə dönəm hər məşqçinin karyerasında olur. Eyforiyaya qapılmamalıyıq. Həmişə demişəm ki, futbolçularıma inanıram. Çətin zolaqdan keçdik. Bu qələbələr bizi yaxşı duruma gətirib çıxardı.

- Qapıda gənc Xəyal Fərzullayevə şans verməyinizin səbəbi nədir?

- Akademiyamızın futbolçularına üstünlük verirəm. Mehdi Cənnətov bizim əsas qapıçımızdır. Amma onun üzərində təzyiq var idi. Buna görə də istirahət verdik. Xəyal son üç oyunda özünü doğruldur. Hər üç qapıçıya güvənirəm. Hər birinə şans verəcəm.

- Komandada işlər yoluna düşdü?

- Hər şey yolunda idi. Səbrlə, başımızı aşağı salıb yolumuza davam edəcəyik.

- Rəqibin standart vəziyyətlərinə qarşı xüsusi hazırlığınız olmuşdu?

- Əlbəttə ki, məşq edirik. Hər oyunda alınmaya bilər. Bu gün istədiyimizə nail olduq (sportal.az)