Başsız milli
- 25 Mar 2024 22:17
- 638
Hiss elədiz, sanki yığma baş məşqçisiz oynadı? Nə sistem var, nə intizam, nə məsuliyyət. Elə bil oyunun "ustanovka"sında futbolçulara "uşaqlar, çıxın öz oyununuzu oynayın" tapşırığı verilib. Onlar da oynadılar, özfəaliyyətlə məşğul oldular. Köklənmə problemi vardı, buraxdığımız qolda bunu gördük. Bütün kollektiv hansısa klubu yox, millini təmsil etdiklərini unutmuşdu. Bəli, bu rəsmi matç deyil, bir qədər rahat olmaq olar, amma belə yox. Belə davam eləsə, rəsmi matçlarda daha çətin durumlara düşəcəyik.
Bolqarıstan futbolu köhnə günlərindən çox uzaqdı. Başları bizdəki kimi daxili problemlərinə qarışıb, düzəldə bilmirlər. Son bəlkə də 10 ildə ortaya Avropa yüksək səviyyəsində bir futbolçu çıxara bilməyiblər, Berbatov, Stilian və Martin Petrovdan bu yana xüsusi bir ad çəkmək olmur. Milliləri də sonuncu dəfə nə vaxt böyük turnirlərin final mərhələsində oynayıblar, birdən-birə yada salmaq çətindi. Yəni bu Bolqarıstan o Bolqarıstan deyil.
Yoldaşlıq matçı olsa da bu oyun da deyiləni təsdiqləyir. Qarşılaşma ərzində xüsusi nə iləsə yadda qalmadılar, daha çox biz hücum etdik, bərabərində də şansları boşa verdik. Bir anlıq monqollarla matçı yenidən izləyirmiş kimi hiss etdik. Amma bolqarlar bizi yalnız bir şeydə - konsentrasiyada üstələdilər. Onlar da bilirdilər, başa düşürdülər ki gücləri bir yerə qədərdi, amma bu gücdən doğru istifadə elədilər. Mübarizə apardılar, ələ düşən şanslarından maksimum yararlanıb azı heç-heçəni xilas elədilər.
Sırf taktikadan qısa danışsaq, start düzülüşü De Byazidən qalma variantdı, Əsədov bunda da təzə bir şey fikirləşə bilməyib, "sınaqdan keçmiş" sistemlə oynatdı. Nəticəsi də olmadı.
Digər qeydlərimdən, hakimin penalımızı "yeməsi"ni və qapımıza vurulan qolda kobud səhvə yol verməsini deyə bilərəm.
Ümumilikdə isə belə futbola futbol demək günahdı.
Kənan Məstəliyev, Rekord.az