Almaniya nəhəngi “Bavariya” ciddi itki ilə üzləşib.

Rekord.az xəbər verir ki, komandanın əsas qol silahı Robert Levandovski sıradan çıxıb.

O, UEFA Çempionlar Liqasının 1/8 finalında “Çelsi” ilə ilk matçda (3:0) sol dizindən zədə alıb. Münhen klubunun rəsmi saytının yaydığı məlumata görə, polşalı forvard təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Levandovski London təmsilçisi ilə görüşdə komandasının 3-cü qolunun müəllifi olub, digər iki qolun isə məhsuldar ötürməsini verib. O, bu mövsüm bütün turnirlər çərçivəsində 33 oyunda 39 qola imza atıb, ÇL-də isə 11 qolla ən yaxşı bombardirdi.