Bayramova AÇ-nin finalında
- 27 İyn 2024 22:24
- 192
Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-17 Avropa çempionatı davam edir.
Rekord.az xəbər verir ki, yarışın dördüncü günündə qadın güləşi üzrə 5 təmsilçimiz mübarizəyə qoşulub.
Nəzrin Əhmədli (40 kq) təsnifat mərhələsində rusiyalı Aleksandra Fyodorovaya 4:9 hesabıyla məğlub olub. Rəqib digər güləşçilərə tam üstünlüklə qalib gələrək finala yüksəldiyi üçün Nəzrin bürünc medal qazanmaq şansı əldə edib. Əhmədli sabah təsəlliverici görüşdə belaruslu Anastasiya Kavalçukla qarşılaşacaq.
İlkanə Bayramova (46 kq) debütdə finlandiyalı Cessika Tuominenlə bacarmayıb – 0:5.
Fatimə Bayramova (53 kq) 1/8 finalda estoniyalı Lisette Boettkerə (9:3), 1/4 finalda isə ukraynaı İvanna Lukianenkoya (4:4) qalib gəlib. Bayramova yarımfinalda moldovalı Aleksandrina Barbanuadan güclü olub – 4:0. Fatimə finalda rusiyalı Olesya Malaxovayla güləşəcək.
Günay Qurbanova (61 kq) 1/8 finalda belaruslu Varvara Aliseyenkanı (tuş), 1/4 finalda isə türkiyəli Özdenur Özmezi (11:4) mübarizədən kənarlaşdırıb. Günay almaniyalı Leoni Steyqertlə gərgin mübarizə şəraitində keçən yarımfinal görüşündə son saniyələrdə qələbəni əldən verib – 6:7. Qurbanova sabah bürünc medal uğrunda Vanya Furmark (İsveç) – Qabriela Rudoy (Moldova) görüşünün qalibiylə güləşəcək.
Zəhra Kərimzadə (69 kq) ilk mərhələdə fransalı Lise Landuziyə uduzub – 0:8. Rəqib finala yüksəldiyi üçün Zəhra sabah təsəlliverici görüşdə litvalı Qreta Tverskiteylə üz-üzə gələcək.