Konfrans Liqasının qrup mərhələsinin son turunda “Qarabağ” “Bazel”in qonağı olacaq.

Avrokuboklardakı yeganə təmsilçimiz bu oyunun nəticəsindən asılı olmayaraq, pley-offa vəsiqəni təmin edib. İndi əsas hədəf qrupu birinci pillədə başa vurmaqdı.

Bildiyiniz kimi, İsveçrədə koronavirusun yeni ştammı yayılmağa başlayıb. Bu səbəbdən Çempionlar Liqasının son turu çərçivəsində baş tutacaq “Yanq Boys” – “Mançester Yunayted” qarşılaşması azarkeşsiz keçiriləcək. Görəsən, Konfrans Liqasında üz-üzə gələcək komandaların oyununda da bu qadağa tətbiq olunacaqmı? İsveçrədə pandemiya qaydalarının sərt olması, ölkə xaricindən gələn hər kəsin 10 gün karantində qalması “Qarabağ”a təsir edəcəkmi? Nəhayət, klub son qruo oyunun izləmək üçün Bazelə jurnalist aparacaqmı?

Suallara cavab tapmaq üçün klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə əlaqə saxladıq:
 

“Bizə oyunların azarkeşsiz keçiriləcəyi ilə bağlı rəsmi məlumat gəlməyib. Ona görə dəqiq bir söz deyə bilməyəcəm. İsveçrəyə jurnalistlər aparılmayacaq. Sadəcə, yayınçı şirkətin, yəni “CBC Sport”un bir əməkdaşı bizimlə gedəcək. O şəxs də oyunu yerindən şərh edəcək. Bəli, İsveçrədə pandemiya qaydaları fərqlidi. Sadəcə, UEFA-nın bu barədə istisnaları var. Rəsmi oyun olduğu üçün bu qayda komandalara tədbiq olunmur. Buna görə də UEFA-nın tələbidi ki, klublar çarter reysi ilə getsinlər və hamı birlikdə olsun. Jurnalist aparılmaması da məhz buna görədi. Komandadan kənar şəxslərin getməsinə icazə verilmir. Sadəcə, istisna yayıncı şirkətə aiddi. O da hər kəs kimi test verəcək”. ("Futbol plus")