“Bazel”lə oyunlardan çox dərs aldıq” – “Sabah”ın baş məşqçisi
- 06 Noy 2024 23:06
- 82
“Bu matçlardan çox dərs aldıq və indi oyunçularımızı daha da inkişaf etdirmək üçün yaxşı təcrübəmiz var”.
Rekord.az xəbər verir ki, bunu "Sabah"ın 19 yaşadək futbolçulardan ibarət kollektivinin baş məşqçisi Adino Mustedanaqiç UEFA Gənclər Liqasında İsveçrə təmsilçisi "Bazel"ə qarşı keçirilən oyundan sonra deyib.
O, məğlub olmaqlarına baxmayaraq komandasının oyununda irəliləyişin olduğunu bildirib:
“Məğlub olsaq da, ilk oyundan sonra komandada olan irəliləyişdən razı qaldım. Cütün taleyi ilk matçda həll olunmuşdu, buna baxmayaraq, "Bazel" bu qarşılaşmada əsas heyət üzvlərinə şans vermişdi. Yüksək rəqabətli oyunun şahidi olduq. Görüşdə qapıya zərbələrin sayı bərabər idi, bəzi anlarda topu özümüzdə saxlamağı bacardıq. Məqsədimiz o idi ki, futbolçularımızın hər biri ilk oyundakından daha yaxşı çıxış etsin. Fikrimcə, onlar bunu bacardılar. Bəlkə də növbəti mövsümdə də UEFA Gənclər Liqasında oynaya biləcək futbolçulara şans verərək, onların müəyyən təcrübə toplamalarına şərait yaratdıq. Həmin futbolçulardan biri də bu qarşılaşmada qol vurmağı bacardı. Bu matçlardan çox dərs aldıq və indi oyunçularımızı daha da inkişaf etdirmək üçün yaxşı təcrübəmiz var".
"Sabah"ın U-19 komandası UEFA Gənclər Liqasının 2-ci təsnifat mərhələsində Bakıda "Bazel"ə 1:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb. Azərbaycan təmsilçisi ilk oyunda da 6 cavabsız qola üzülmüşdü.