Belarus klubunun avrokubok oyunları Azərbaycanda
- 20 Avq 2024 17:45
- 214
Minskin “Dinamo” klubu bu mövsümdən avrokuboklarda ilk dəfə təşkil olunacaq Liqa mərhələsində ev oyunlarını Azərbaycanda keçirəcək.
Rekord.az xəbər verir ki, bu haqda “Belarus -1” kanalı məlumat yayıb.
UEFA Ukraynadakı müharibə ilə əlaqədar Belarus klublarına ev oyunlarını doğma meydanda keçirmək qadağası qoyub. Bu səbəbdən onlar avrokubok matçlarında rəqiblərini neytral meydanda qəbul edirlər.
“Dinamo” Minsk Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaqla ən azı KL-in Liqa mərhələsini təmin edib. Pley-off-da onlar “Anderlext”lə (Belçika) görüşəcəklər.
Məlumatda deyilir ki, “Dinamo” 2024/25 mövsümü Liqa mərhələsində (Avroliqa və ya KL) ev oyunlarını Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda keçirəcək. Bununla bağlı Azərbaycan tərəfi ilə razılıq əldə edildiyi bildirilib. Bu arenanın 15 min 350 tamaşaçı tutumu var.
"Dinamo" Avroliqada oynasa 4, KL-də çıxış etsə isə Liqa mərhələsinin 3 ev oyununu Sumqayıtda keçirəcək.