
Belə olmaz!
- 11:00
- 51
İki tur normal futbol oynayıb, "qara zolaqdan çıxdı" dediyimz "Sumqayıt" yenidən həmin "zolağ"a qayıdıb və 3 oyundur ardıcılı olaraq məğlub olur. Çox maraqlıdır ki, baş məşqçi Vaqif Cavadov "Zirə"yə dünənki məğlubiyyətdən sonra futbolçularına təşəkkür edib. Çox maraqlıdır ki, bu hal daha çox bizdə dəb halına düşüb, uduzan komandaya, futbolçuya təşəkkür edirlər, hətta "premya" filan da verirlər. Qəribə də səbəb tapırlar: uduzsalar da, yaxşı oynadılar. Sonu məğlubiyyətdirsə, hansı yaxşı oyundan söhbət gedə bilər? Uduzmusansa, üstəlik, 3 qol buraxmısansa, deməli, rəqib səndən üstün olub. Vaqif müəllim üstəlik futbolçularının istək və ruhundan da razı qalıb. Hələ istəkli və ruhlu olub 3 top buraxıblar, ay Vaqif müəllim? Zəhmət olmasa, Papunaşvilinin vurduğu qola bir də baxın. Gürcü futbolçu yüngül desək, sizin müdafiəçiləri tək-tək dənləyir, siz orda hansı ruhu gördünüz? Hələ bu Papunaşvilidi, Zubir deyil, Kadu deyil. Tək bu oyun deyil, "Şamaxı" ilə oyunda da müdafiəçilər uşaq səhvləri buraxmışdı. Kapiitan sarğısı daşıyan Elvin Bədəlov ötən tur birinci qolda başını əyir, dünənki oyunda süni ofsayd səhvinə yol verir, bunlar ciddi səhvlərdi, "Şamaxı" ilə oyundakı səhv hesabın bərabərləşməsinə səbəb oldu, dünənki səhv də 1 xal ümidinin üstündən xətt çəkdi. Mən demirəm, Vaqif Cavadov çıxıb Elvinin yerinə futbol oynasın. Elvin 30 yaşında da süni ofsayt yaratmağı bilmirsə, burda baş məşqçi günahkar deyil. Amma bu cür açıq səhvləri "təşəkkür"lə ört-basdır etmək olmaz, kənardan yaxşı görünmür.
Mənə daha çox maraqlı qalan heyət seçimidir. "Qapıçı komandanın yarısıdır" deyirlər, çərçivə ilə bu qədər "oynamaq" nəyə lazımdı? Ya Xəyalı qoy dayansın, ya da Mehdini. İKİ oyun o dayanır, onu tərifləyirsən, iki oyun sonra anidən digərini qapıya qoyursan. Çərçivə eksperiment yeri deyil axı. Rövlan Muradov, Səbuhi Abdullazadə niyə ehtiyatda qalır? Bu futbolçular yerlilər arasında öz mövqeylərində ölkədə ən güclülərdəndir. Üstəlik, sənin o səviyyədə geniş, güclü heyətin yoxdur ki, Rövlan və Səbuhi kimi futbolçunu ehtiyatda saxlayasan. Deyirsən ki, Sərtan Rövlandan daha yaxşı formadadı, amma "Şamaxı"ın gənc futbolçusu Sərtanı uşaq kimi aldadıb qol ötürməsi verir. Və həmin Sərtan "Zirə" ilə oyunda yenə start heyətindədir. Səbuhi milli üzvüdür, sən onu ehtiyatda saxlayırsan. Sənin o mövqeydə oynayan ondan üstün futbolçun yoxdur axı. Dünən də hamı gördü ki, Səbuhi oyuna çıxandan sonra "Sumqayıt"ın orta xəttindəki pərakəndəlik hardasa düzəldi. Camaat heyətində bu cür futbolçuları görmək istəyir, sən də onları ehtiyatda saxlayırsan. Ad çəkməyəcəm, digər Premyer Liqa klublarından birinin baş məşqçisi ilə söhbətdə o belə, Rövlanla Səbuhinin ehtiyatda qalmasına təəccübünü gizlətməmişdi, hətta mənimlə səmimi söhbətində demişdi ki, oynatmırlarsa, versinlər mən oynadım. Dias o deyil də, çatdırmır, birəbir mübarizələrin çoxunu uduzur, yersiz vərəqələr alır, israrla onu oynatmağın anlamı nədir? Bunları görmək və həll etmək lazımdı, süni şəkildə təşəkkürlə baş və Sumqayıt azarkeşini aldatmaq olmaz.
Bu mövsüm ola bilsin, komanda Premyer Liqada yerini qorudu, amma gələn mövsüm daha ağır olacaq. Komanda sayı artır, oyun sayı artır, mübarizə daha da gərgin olacaq, bu yanaşma ilə o mübarizədə duruş gətirmək çətin olacaq. Ümumiyyətlə, düşünürəm ki, "Sumqayıt" rəhbərliyi də bu məsələdə istiqaməti və tələbkarlığı artırmalıdır. Sumqayıtı təmsil edən komanda Premyer Liqada qalmaq uğurunda mübarizə aparmamalıdır. Tək Sumqayıt yox, şəxsi düşüncəmdir ki, futbol şəhərlərinin komandaları öz dəsti-xəttləri, oyunları, iddiaları ilə seçilməlidir. Tamam, büdcən çempionluğa oynamağa imkan vermir, amma minimum 4-cü yerə oynamalısan. Hədəfin bu olmalıdır. "Səbail" də Premyer Liqada qalmaq üçün oynasın, "Sumqayıt" da, "Kəpəz" də, bu, düz gələn məsələ deyil. Ola bilsin, sonda avrokuboklardan kənar qalasan, futboldu, hər şey ola bilər. Amma hədəfin ora olmalıdır. Sonra durub azarkeşi günahlandırırlar ki, stadiona gəlmirlər. Futbol şəhərinin azarkeşləri elitada qalmaq üçün oynayan komandaya görə heç vaxt stadionu dolurmayacaq.
"Sumqayıt" keçən mövsüm avrokuboklara oynayırdı, 3 dəfə anşlaq oldu. Stadion fevralda istifadəyə verildi, fevral-may aralığında 3 dəfə 9 minin üzərində azarkeş gəldi. Heç bir komandada bu rekord olmadı. Demək ki, sən ən azı 4-cü yerə oynayanda azarkeş səni dəstəkləyəcək. Yenə deyirəm, Sumqayıt futbol şəhəridir, burda futbolu bilirlər, başa düşürlər sən elitada qalmaqla, 3-4 turdan bir 1 qələbə ilə o azarkeşləri aldada bilməzsən. Və qınaya da bilməzsən ki, niyə stadiona gəlmirsiniz. O azarkeş pul verib bilet alır. Haqqıdır ki, baxımlı oyun izləsin. Sən cibindən pul verib teatra gedən tamaşaçıya bayağı əsər təqdim edə bilərsən? Gələn dəfə gəlməyəcək. Yaxud, pul verib konsertə gedən tamaşaçıya fonoqramla bayağı mahnı təqdim edə bilərsən? Söyüb çıxacaq, bir də gəlməyəcək. Lap marketinq-biznes yönündən izah edim. Sizin oyunu məhsul hesab etsək, azarkeş pul verib stadiona gəlirsə, ona keyfiyyətli məhsul təqdim etməlisən ki, razı qalsın, növbəti dəfə yenə o "məhsul" üçün ora gəlsin. Mənim doğma qardaşım 3 dəfə ard-arda "Sumqayıt"ın oyunlarına getdi, özü də cibindən pul verib 5 manatlıq bilet aldı komanda hər üçündə də uduzdu. Görüşəndə də yalan olmasın, 1 saata yaxın "Sumqayıt"ı müzakirə elədik, açıq şəkidə dedi ki, niyə yazmırsınız, daha sərt formada qabartmırsınız ki, Sumqayıta bu cür oyun, nəticə yaraşmır. Və ondan sonra oyunlara getmir. Mənim 9 yaşında oğlum demək olar "Sumqayıt"ın hər ev oyununa gedir. Orda olan jurnalist həmkarlarım da dəfələrlə görüb. Soyuqda məşqdən çıxır, komanda yoldaşları evə gedir, bu deyir ki, mən "Sumqayıt"ın oyununa baxacam. Təqvimi məndən yaxşı bilir. Komanda uduzanda mən o uşağın üzünı baxa bilmirəm. Jurnalist öz yerində, amma ata kimi uşağın üzündəki üzüntünü görmək mənə pis təsir edir. İnanın səmimiyyətimə, olub ki, gəlib evə heç nə yemədən uzanıb divana ağlayıb. Uşağa belə təsir edirsə, gör, stajlı azarkeşlər nə çəkir. Bir daha təkrarlayıram, bu, tək Sumqayıta aid deyil. Baxın, "Turan Tovuz" bir neçə tur uğursuz çıxış elədi, evdə qələbə qazana bilmədi, ötən tur "Sabah"la oyununa cəmi 2500 azarkeş gəlmişdi. Sabah "Kəpəz" yeni stadionda çıxıb ard-arda uduzsun, elitada qalmaq üçün oynasın, orda da dolu tribunalar olmayacaq. Bu mənada gələn mövsüm üçün ciddi addımlar atılmalıdı, transfer siyasətində, seleksiya işlərində daha məsuliyyətli olmaq lazımdı, baş məşqçinin qarşısına qoyulan tələblər daha da artırılmalıdır. Stadion, baza, üçü təbii olmaqla 4 əla meydança, normal büdcə, vaxtlı-vaxtında verilən maaş, mükafat və qarşına qoyduğun hədəf Premyer Liqada qalmaq. Olmaz cənablar, belə olmaz!
Anar XANLAROV