Turun son iki oyunu eyni nəticə ilə bitdi: 2:1. Hər iki oyunda qonaqlar qalib gəldi.


"Səbail" - "Neftçi" matçında fərqli iki hissə oynanıldı. İlk hissədə üstünlük "Neftçi"də oldu, bunun bariz nəticəsi kimi, komanda iki qol vurub ciddi üstünlük əldə etdi. Baxmayaraq ki, bu üstünlük əldən gedə bilərdi, amma Samir Abasovun komandası çətinliklə də olsa, 3 xalı qoparda bildi. Nəzərə alaq ki, "Neftçi"nin qarşısında bütün oyunlara 3 xal üçün çıxan, Premyer Liqada yerini qorumağa çalışan "Səbail" var idi, bu mənada oyunun ağır keçəcəyi öncədən bəlli idi, bu 3 xalın dəyəri daha da artır. Qələbə sayəsində xallarının sayını 31-ə yüksəldən "Neftçi" 6-cı pillədə möhkəmləndi. İndi onları 5-ci pillədə qərarlaşan "Sabah"dan cəmi 4 xal ayırır. Hətta komandanın avrokuboklara da nəzəri şansları qalıb. Düzdür, "Turan Tovuz"la xal fərqi daha böyükdür (12), amma qarşıda 9 turun olduğunu, Tovuz təmsilçisinin qeyri-stabil oynadığını nəzərə alsaq, çox şey baş verə bilər. Təbii ki, qələbəyə baxmayaraq, "Neftçi"nin oyun planında problemlər hələ də qalmaqdadır. Əldə olan materiallar Abasova tam istədiyi futbolu tətbiq etməyə imkan vermir. Məsələn, komandada normal hücumçu yoxdur. Hansı ki, rəqibi təzyiq altında saxlasın. Əvəzləmədən meydançaya çıxanlar da heç nə ilə yadda qalmadı. Məhz bunun nəticəsi idi ki, "Səbail"in müdafiəçiləri də son 10 dəqiqədə rahat şəkildə irəli çıxıb hücumlarda iştirak edirdi. Təbii ki, Rza Cəfərli faktorunu mütləq qeyd etmək lazımdı, adam son dəqiqələrdə iki 100 faizlik epizodu çıxartmaqla deyərim ki, Neftçi"yə 3 xal qazandırdı.
"Səbail" haqda isə deyəcək elə də çox söz yoxdur. Vaxtı ilə Rövnəq Abdullayevin oğlu Bakıda olanda darıxmasın deyə yaratdığı "oyuncaq" klubun aqibəti belə olmalı idi. Düzdür, hələ komandanın elitanı tərk edib-etməyəcəyini indidən əminliklə demək olmaz. Amma fakt hazırda I Diviziona ən yaxın klub "Səbail"di. Bəlkə də vaxtında bu klubu hansısa bölgəyə köçürsəydilər, vəziyyət daha fərqli olardı. Cavid Hüseynovun istefasına gəlincə, Cavid "Turan Tovuz"dakı daha rahat işini atıb "Səbail" kimi problemli klubda yükün altına girməyi qəbul edəndə səhvə yol vermişdi....


"Turan Tovuz" - "Sumqayıt" matçı haqda da xüsusi deyəcək sözə ehtiyac yoxdur. 11 oyunluq qolsuzluqdan sonra "Kəpəz"lə oyunda ayağı açılan və 3 qolla vacib qələbə qazanan "Sumqayıt" ən ağır dönəmi arxada qoymuş kimi görünürdü. "Turan Tovuz"un da qeyri-stabil çıxışını nəzərə alsaq, şəxsən mən bu oyunda da "Sumqayıt"dan ən azı 1 xal gözləyirdim. Dünən "Səbail" - "Neftçi" oyunu zamanı həmkarlarımızla söhbətdə də bunu dedim. Hətta onlardan biri "Sumqayıt"ın qələbə qazanacağını da bildirmişdi. Qərb klublarına qarşı ardıcıl oyunlarda qazanılan 6 xal "Sumqayıt"a Premyer Liqada qalmaq yolunda böyük motivasiya verdi. Etiraf etmək lazımdır ki, son nəticələr həm də baxımlı oyunla qazanılıb. Bobirin "Sumqayıt"da qol hesabını açması, Ronaldo Vaskesin oyundan-oyuna artırması, gənc qapıçı Xəyal Fərzullayevin təcrübəli Mehdi Cənnətovu öz inamlı oyunu ilə əsas heyətdən sıxışdırıb çıxarması və digər bu kimi amillərə əsaslanıb demək olar ki, "Sumqayıt" qarşıdakı aprel-may aylarında daha yaxşı formada olacaq və Premyer Liqada yerini qoruyacaq.
"Turan Tovuz"da isə təəssüf ki, yuxarıda da qeyd etdiyim kimi, qeyri-stabillik ən böyük problemdi. Bəli, avrokuboklarda oynamaq iddiası, istəyi yaxşıdır. Amma istəklə əməl, oynanılan oyuna tərs mütənasib olanda həmin istək elə istək olaraq da qalır. Turnir cədvəlinə baxsaq, "Turan Tovuz"u 3-cü pillədəki "Araz Naxçıvan"dan cəmi 4 xal ayırır. Qışdan sonra "Araz Naxçıvan"ın çox bərbad qrafik cızdığını, 7 oyunduq qələbə qazana bilməməsini nəzərə alsaq, "Turan Tovuz" çox rahat şəkildə bu komandanı keçib 3-cü pillədə möhkəmlənməli idi. Amma Berdiyevin komandası bunu edə bilmədi. Niyə? Çünki evdə "Kəpəz", "Səbail", "Sumqayıt" kimi elitada qalmaq uğurunda mübarizə aparan komandalarla oyunlarda 8 xal itirdi. Avrokubokları hədəfləyən komanda üçün bu, yolverilməzdi. Yəni sən "Qarabağ"ı, "Zirə" ni udub, "Kəpəz"ə, "Sumqayıt"a uduzacaqsansa, həmin qələbələr də heç bir işə yaramaya bilər. Son 3 turda "Turan Tovuz" cəmi 1 xal qazanıb. Evdə keçirdiyi hər iki oyunda uduzub. Berdiyev təcrübəli məşqçidir, amma transfer məsələlərində ciddi səhvlərə yol verdi. Özü də dünənki oyundan sonra məsuliyyəti üzərinə götürdü. Qışda alınan futbolçular faktiki komandaya kömək edə bilmir. Kraçkovski böyük ümidlərlə alınmışdı, amma keçən həftə Tovuzda olanda baxıram ki, adam əvəzedici komandanın heyətində əvəzləmədən oyuna çıxır. Orxan Əliyev də həmçinin. Orxanla "Turan Tovuz"un çox uzağa gedəcəyi öncədən də sual altında idi. Rəhim Sadıxov haqda heç danışmağına dəyməz. Bir futbolçunu ki, "Sumqayıt" yararlı bilməyib komandadan kənarlaşdırır, sənin həmin futbolçunu heyətinə qatıb çıxıb həmin "Sumqayıt"a uduzmağında qeyri-adi heç nə yoxdur...

Anar XANLAROV