Keysuke Hondanın “Neftçi”yə gəlişi başına özü boyda daş düşmüş, xaraba gündə olan Azərbaycan futbolu üçün böyük bir lütfdü. Yaponlar ağıllı millətdilər, hər şeydən başları çıxır. Ona görə də bilmirəm bu adamı necə razı salıblar, nə vədlər veriblər, nə yalanlar uydurublar, hansı resurslar işə salınıb, amma rəsmiləcəyi halda həqiqətən də yaxşı bir iş olacaq. Çünki Honda keçmişdəki, bizim yaddaşımızda qalan Honda olmasa da, onun Essyen kimi “rəhmətə getmiş” versiyası da deyil.


“Səbail” Mayklı alanda adam karyerasını bitirmişdi və klub (federasiya) tərəfindən sırf reklam, oyunçu tərəfindən isə qazanc məqsədi güdülürdü. Etiraf etmək lazımdı ki, ikisi də məqsədlərinə çatdılar. Essyen yeriyə-yeriyə də olsa, bəzi matçlarda vaxtilə nəhənglərdə boşuna top qovmadığını göstərə bildi. Amma bu performans maksimum 3-4 oyunla əhatələndi və yavaş-yavaş öz məntiqi sonluğu – yolların ayrılmasına gətirib çıxartdı. Alan razı, satan razı, elə biz də köhnələrin ulduzunu canlı izləmək, müsahibə almaq, şəkil çəkdirmək (şəxsən mən bunların heç birini etmədim, amma etməkdə də qəbahət görmürəm) şansımız oldu. Bir məsələ də var ki, bu transferin Azərbaycan futboluna bir xeyri oldumu? Olmadı. Bu da ayrı söhbətin mövzusudu.


“Neftçi” və Honda məsələsi bir az başqadı. Əvvəla, “Neftçi” “Səbail” deyil, arada nəhəng bir fərq var. Bayıl komandası sadəcə bir biznes layihədi, yaradılması, saxlanılmasında müxtəlif məqsədlər var və günü sabah fəaliyyətini dayandırsa, heç kimin Hageninə də olmayacaq. “Neftçi” isə ən köklü klubumuzdu, son illərdə fiasko idarəetməsi olsa da, orda baş verən hər şey bizi yaxından maraqlandırır. Güclü, rəqabətədavamlı “Neftçi” Azərbaycan futboluna hava-su kimi lazımdı. İllərdi ümidimizi “Qarabağ”a bağlayıb, o biri klubların uğursuzluqlarını birtəhər həzm etməyimiz də nəvaxtsa başa çatacaq. Əslində, ötən il bu baş vermişdi, sadəcə möcüzəvi performansla ağdamlılar bu qaçılmaz sonu bir qədər də uzada bildilər. Azərbaycan futbolu isə elə “Neftçi”nin zəifləməsi timsalında can verməkdə davam edir. Bu da ayrı bir söhbətin mövzusudu.


Honda yaşlı olsa da, hazır futbolçudu. Ən azından belə görünür. Cəmi iki ay əvvəl ayrıldığı “Botafoqo” Braziliya A seriyasında çıxış edir və yaponiyalı futbolçu gözlənilərləri tam verməsə də, bu komandanın heyətində 18 matçda meydana çıxıb. Bir ay əvvəl isə Portuqaliya “Portimonense” ilə müqavilə bağlamışdı, ancaq sənədləşmə probleminə görə oradan ayrılmalı oldu. İndi bu futbolçu Bakıya, Azərbaycan Premyer-Liqasında, çempionluğa ən real namizədlərdən biri, hazırda lider olan “Neftçi”yə gəlir. Məqsədi də bəllidi: özü də etiraf edib ki, formasını qoruyub Yaponiya millisinin heyətində Tokio Olimpiadasında çıxış etmək istəyir. Yəni adam bura gün keçirməyə yox, futbol oynamağa gəlir. İstəkli Keysuke Honda “Neftçi” üçün əla tapıntıdı. Samir Abasov da deyib ki, ondan maksimum yararlanmaq, müxtəlif mövqelərdə oynadaraq istedadından istifadə etmək niyyətindədi. Çox yaxşı. Güclü “Neftçi” az qala iki ildi qış yuxusunda olan, normal hücumçu transfer etməyə, güclənməyə ehtiyac duymayan, buna maliyyə qıymayan “Qarabağ” üçün əla bir rəqib, eyni zamanda motivasiya mənbəyidi. Bu isə heç bir rəngi, dadı-duzu, mənası olmayan Premyer-Liqanın yalnız və yalnız xeyrinə olacaq. Gözləyək görək, Azərbaycan aşını yapon düyüsü ilə dəmləyəndə yemək necə alınır?


Koniçiva, Keysuke müəllim. Xoş gəlirsən!