“Beşiktaş”dan “Feyenoord”a
- 29 Yan 2020 12:42
- 960
Türkiyə millisinin və “Beşiktaş”ın hücumçusu Oğuzhan Özyakup İstanbul klubundan ayrılıb.
Rekord.az xəbər verir ki, o, bundan sonra Niderlandın “Feyenoord” klubunda çıxış edəcək.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Hələlik, klublar rəsmi açıqlama verməyə tələsməsələr də, futbolçu özü məlumatı təsdiqləyib. O, “Feyenoord”a icarə əsasında keçəcəyini və mövsümün sonuna qədər bu komandada oynayacağını bildirib:
“Klub olaraq son yarım mövsümdə çox ağır günlər keçirdik. Klub prezidenti dəyişdi, baş məşqçi dəyişdi. Bir neçə gün öncə yenidən baş məşqçi dəyişikliyi qeydə alındı. Qarşıdan AÇ-2020 gəlir. Həm meydanda, həm də ondan kənarda daha xoşbəxt olmaq üçün Niderlanda gedirəm. Orada anadan oldum, orada böyüdüm. Ailəm də orada yaşayır. Oynaya və xoşbəxt ola biləcəyimi hiss etdiyim yerə gedirəm. Tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacağam”.
Oğuzhan Özyakup “Beşiktaş”a yeni baş məşqçi gətirilən, amma hələ təyinatı rəsmən açıqlanmayan Sergen Yalçınla bu qərarını müzakirə etdiyini də gizlətməyib: “Onunla da danışdıq. Mənimlə bağlı düşüncələri vardı. Amma çox qərarlı olduğumu gördü. Hər iki tərəf üçün xeyirli olsun”.
“AZ Alkmaar” və London “Arsenal”ının yetirməsi olan Özyakup, “Beşiktaş”da 2012-ci ildən çıxış edir. 27 yaşlı futbolçunun klubu ilə 2022-ci ilin yayına kimi müqaviləsi var. O, Türkiyə millisində 42 oyun keçirib, 1 qola imza atıb.