Bəyaz Quluyeva: "Hər oyun bizə səhvlərimizi analiz etməyə imkan verir"
- 12 Avq 2023 17:06
- 419
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlıqları davam etdirir. "Rekord.az" xəbər verir ki, yığmamızın liberosu Bəyaz Quluyeva hazırlıq prosesi haqqında danışıb. Təcrübəli voleybolçumuzun fikirlərini təqdim edirik:
“Bildiyiniz kimi iyundan təlim-məşq toplanışına start verdik. İki həftə Bakıda məşq keçdikdən sonra Bosniya və Herseqovinaya yollandıq. Orada bir həftə təlim-məşq toplanışında olduq və yerli yığma komanda ilə üç yoxlama görüşü keçirdik. Yenidən Bakıda qayıtdıq və paytaxtda Belarus millisi ilə üç yoxlama matçımız oldu. Hazırda Sloveniyadayıq və burada təlim-məşq toplanışı çərçivəsində bir neçə yoxlama oyunlarımız olub. Qarşıda daha bir hazırlıq matçımız var. Bu oyunlar bizə səhvlərimizi analiz etməyə imkan verir. Məşqçinin tapşırıqlarını mümkün qədər yerinə yetirməyə çalışırıq. Azərbaycan 10-cu dəfə Avropa çempionatında iştirak edəcək. Bilirsiniz ki, İtaliya, Belçika, Almaniya və Estoniyanın birgə ev sahibliyi etdiyi yarışda biz C qrupunda yer almışıq. Bizim qrupun oyunları Almaniyada keçiriləcək. Rəqiblərimiz meydan sahibi ilə yanaşı, Çexiya, Türkiyə, İsveç və Yunanıstan olacaq. İnanıram ki, hazırlıqlarımızı yüksək səviyyədə başa vurub tam hazır formada yarışa yollanacağıq. Komandamıza, bütün oyunçularımıza və məşqçilər heyətinə uğurlar arzulayıram. Biz də ölkəmizi layiqincə təmsil etmək üçün əlimizdən gələni edəcəyik. İnşallah Vətənə uğurlu nəticə ilə geri dönərik”.