“Bakıdakı yarış təkcə Azərbaycan yox, həm də dünya idmanı üçün vacib hadisədir”.

"Rekord.az" “Report”a istinadən xəbər verir ki, bunu Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının baş katibi Villi Qrill Bakıda keçiriləcək dünya çempionatı ilə bağlı mətbuat konfransında danışarkən deyib.

O, Bakıda olmaqdan məmnunluğunu ifadə edib. Qurum rəsmisi yarışda qaydaların dəyişmədiyini diqqətə çatdırıb: “Bu, idmançılar üçün də vacibdir. Onlar nələri necə etməli olduqlarını bilirlər”.

 

“31 idmançımız yarışda mübarizə aparacaq. Onların arasında gənclər də olacaq”.

Bunu Azərbaycan Milli Olimpiya Komitəsinin və Atıcılıq Federasiyasının vitse-prezidenti Zemfira Meftahətdinova Bakıda keçiriləcək dünya çempionatı ilə bağlı danışarkən deyib.

O bildirib ki, Azərbaycanın gənc atıcıları bir sıra turnirlərdə medallar əldə ediblər: “Hər növdə idmançılarımız çıxış edəcəklər. Hamı kimi, onlar da birinci olmaq arzusundadırlar. Atıcılarımız üçün hər cür şərait yaradılıb”.

 

"Biz siyasətdən danışmaq istəmirik. Təşkilat Komitəsi bütün ölkələr və idmançılarla bağlı eyni təminatı verib. Ermənistan bir az artıq təminat istəyirdi".

Bunu Beynəlxalq Atıcılıq İdmanı Federasiyasının baş katibi Villi Qrill Bakıda keçiriləcək dünya çempionatından əvvəl mətbuat konfransında deyib.

O, bir neçə dəfə Azərbaycanda olduğunu xatırladıb: "Heç vaxt burada problemlə üzləşməmişik. Ermənistan tərəfi üçün hər zaman qapılarımızı açıq saxlayırıq. Gəlib iştirak edə bilərlər. Təşkilat Komitəsi hamı üçün eyni şəraiti yaradıb".