Bir daha "Turan Tovuz"un son matçı barədə
- 17 Sen 2024 18:11
- 181
"Turan Tovuz" barədə də danışaq.
Əvvəlcə, məlum "qol" barədə. Məntiq, futbol hissiyyatı bu asma zamanı topun çölə çıxmadığı və qolun təmiz olduğunu deyir. Amma hisslə yox, reallıqla danışmalıyıq. Topun xətti keçdiyini və ya keçmədiyini aşkar gördüyümüz videogörüntü varmı? Yoxdu. Ona görə də biri deyəcək belədi, o biri deyəcək elədi. Mənasız, ancaq vaxt itkisi olan mübahisə yaranacaq. Burda təəssüfedici məqam odu ki, oyunda VAR var, amma əsas epizodu görəcəyimiz kamera yoxdu. Tay bunun harası VAR oldu?
"Turan Tovuz"un oyununa gəlincə. Yazmışdım ki, Yusif İmanovun kobud səhvləri olmasaydı, "Sabah" bu oyunu rahat udacaqdı. Fikrimdə qalıram. Oyunun videoyazısına bir də baxdım və bir daha deyə bilərəm ki, qonaqların nəsə xüsusi üstünlüyü olmayıb. Tovuzlular birinci hissədə çərçivəyə cəmi 1 zərbə endiriblər, onu da 45+2-ci dəqiqədə. Digər cəhdlər də ya üstdən, ya yandan keçib, ya da müdafiədən qayıdıb.
Fasilədən qayıdan kimi top buraxmaqları Berdıyevin yetirmələrinin planını pozdu və bu səbəbdən də qoldan sonrakı 15 dəqiqədə yaxşı aktivlik oldu. Ancaq sonra Renduliçin komandası oyunu bərabərləşdirə, sakitləşdirə bildi. Tovuzlular da boş oturmurdular, amma xüsusi, ekstarordinar nəsə edirdilər demək də olmaz. Qol da adi bir zərbədən sonra qapıçı səhvi nəticəsində qeydə alındı. Qonaqların bu xalı haqq etmədiyi iddia etmək də haqsızlıq olar təbii ki. Oynadılar, cəhd etdilər, ortaya yaxşı istək və mübarizə qoydular, amma “Sabah” da yaxşı oynadı, ağıllı davrandı. Bu günə qədər rəqibləri tovuzluların müdafiədə verdiyi boşluqlardan yararlana bilmirdilər, “bayquşlar” isə bunu 2 dəfə etdilər. Növbəti turlarda da asan olmayacaq.
Hazırda Azərbaycan futbolunun bir yox, iki mərkəzi var: Bakı və Tovuz. Ajiotaj, maraq və istək baxımından götürsək, qərb bir addım irəlidədi, futbolumuzun ürəyi orda döyünür. Yalnız “Qarabağ” potensial olaraq çox güclüdü, digərləri ilə “Turan Tovuz” başabaş mübarizə apara bilər. Aparır da, aparacaq da. Amma bu heyətlə yox. Mümkün olmayacaq. Ehtiyat qüvvənin azlığı yavaş-yavaş özünü büruzə verəcək və xal itkiləri, məğlubiyyətlər olacaq. Bu da təbii prosesdi, azarkeşlər buna hazır olmalıdı, kəskin reaksiya verməməlidilər. Kurban Berdıyevin işi göz önündədi, əla mütəxəssisdi, ancaq möcüz deyil. Onun da arsenalın silah limitsiz deyil, axır-əvvəl problem yaşanacaq. Məhz bu zaman hər kəs onun yanında olmalı, dəstək olmalıdı.
Kənan Məstəliyev