Bir həftəlik "buket", davamı piket...
- 16 Okt 2019 14:00
- 1177
Millinin macarlara vurduğu qol sayılmasa da, müzakirələr aparıldı, sübuta yetirildi. Bu mövzuda fikirləri bildirərkən oyuna toxunmadıq, niyyət və obyektivlik naminə sırf qol epizodunu təhlil etdik...
Artıq tam olaraq oyuna, hazırlığa münasibət bildirmək olar. Nəzərə alaq ki, milli sonuncu pillədə möhkəmlənib, istəsə də belə yerindən tərpənmək şansı yoxdur. Keçiriləcək son qarşılaşmalar qrup baxımından heç bir əhəmiyyət daşımır...
Maksimum FİFA reytinqində qələbə, heç-heçə "buket"ləri ilə Tibet ətrafı ölkələrdən bir qədər uzaqlaşmaq olar. Təbii, mükafatlar da öz yerində. Onsuz olmaz ki...
Qrupda qazanılmış bir(!) xalla futbolun strateji inkişaf nəzəriyyəsinin fundamental konsepsiyasının millətə sırınması metodları sınaqdan keçirilir. Əvvəlki "rekord" qrup xallarının klipləri, artan trayektoriya ilə misilsiz inkişaf mifologiyası unudulub artıq...
Bakını payız sərinlətmişdi deyə, başbilənlər yay havasından doymayaraq yığmanı qızmar Bəhreynə günəşləndirməyə sürükləmişdi. Rəsmi matçlardan öncə hazırlıq, yoxlama oyunlarının məqsədi-məramı nə olur görəsən...?
Futbol "maket"lərinin düşüncəsi bəllidi. Reallıqda isə rəsmi matça uyğun milli seçilir, son taktiki-texniki gedişlər yoxlanılır, optimal heyət müəyyənləşdirilir, futbolçular psixoloji oyuna köklənir. İqlim, qida, məsafə nizamlamaları da öz yerində...
Bəhreynlə Macarıstanın "qonşu" ölkələr olmasını, futbol səviyyələrinin, mentalitetlərinin "oxşar"lığı üçün kainatı dolaşıb qayıtmağa ehtiyac yoxdur. Bütün parametrlərlə ən "münasib" sparrinq-partnyor idi. Sadəcə millət bunu başa düşmür, dərk etmək istəmir...
Nəyi pisdi? Üç top vurulub, qələbə qazanılıb, ərəb şeyxləri ilə fotosesiyalar təşkil edilib, "turist" səfərləri növbəsini gözləyən rəsmilərin üzü gülüb... "Sutoçnı"lar, mükafat vədləri də öz yerində...
Nə olub? İmkan verin "təbliğat maşını" işini görsün. "Mızologiya" elmi baş alıb gedir. İnkişafı görməyənlərin hamısı "hollandiyalıdır".
Belə olmaz. Cəmisi 10-15 ildi futboldadılar. Nə olsun ki, xalqın, dövlətin 100 milyonları gedi(b)r...
Bəhreyndə "qır qazanı"ndan sonra Macarıstanda "soyuq duş" oldu. Holland hakimlər də Azərbaycanın haradan səfər etdiyini bildikləri üçün əlavə vaxtda havanı "qaynatdı". Manamada hücum futbolundan sonra, Budapeştdə müdafiədə üşümüşdülər...
Evə çatmamış yenə "paket" halında "buklet-buklet" "raket" atışları başladı. İdeoloqların "təbliğat maşını" çatdıra bilmir artıq. Bir "buket" nəticə ilə qayıdılıb. Bir qələbə, bir xal verilməyən heç-heçə. İnsaf da yaxşı şeydi, bu qədər gözügötürməməklik olar...?
"Kənar qüvvələr", futbolun fundamental inkişafını görmək istəməyənlər oyunçuları da yoldan çıxarıb. Futbolçular deyirlər ki, psixoloji hazır deyilik, meydanda özümüzü itiririk, gərək qol buraxaq ki, tərpənək. Hələ bu harasıdı, biri lap "ağını" çıxardıb. Deyir utanıram, belə futbol oynamaq olmaz...
10 ildən çoxdu utanmırlar, bunun utanmağına gəlib. Hər oyunda rəqib qapıya 10-15 zərbədən, mübarizədən, pressinqdən danışır. Saf uşaqdı, cavandı hələ, düzələr... Hamısını da edən jurnalistlər, ipə-sapa gəlməyən futbol adamlarıdı. Azarkeşlər də ki, heç, "istefa" tələb edirlər, qələbə istəyirlər, işləri-gücləri yoxdur elə bil...
Dünən də havadarların istəyilə Hollandiya səfirliyi qarşısında piket təşkil edilib. "Zambaqlılar" da eləmə tənbəllik, Qullit-Raykaard-Van Basten "trio"su ilə məşvərət keçiriblər. Bəlli olub ki, 15 ilə heç Hollandiya futbol federasiyasına öz dövlətləri tərəfindən AFFA-ya göstərilən qədər qayğı olmayıb, vəsait ayrılmayıb...
Futbolda futboldan başqa hər şeylə məşğul olunur. İntriqa, şaiyələr, monopoliyalar, şuralar. Futbol adamlarını ələ almaq, bəzi jurnalistlərin əlavə iş yerlərinə müdaxilələr, azarkeşlərə müxtəlif üsullarla təsir etmək. İndi də piket, "müxalifət" oyunları...
İllərdi obyektiv təhlillər, tənqidlər edənlərə "müxalifətçi" damğasını vurub hesabatlar hazırlayanlar indi özləri səfirlik qarşısında etirazçı "gizlənpaçları" oynayırlar. Bumeranq dalğası geri qayıdır...
Avro-2020 finallarını söz verənlər ara qatıb futbol bataqlığını "holland mafiyası"nın üstünə yıxmaq istəyirlər. Bunun adı artıq tükənməkdir, isterikadır. Nə həddə çatılıb ki, bu yola da əl atılıb...
Dövlətin yaratdığı şəraitlə, ayrılan milyonlarla nümunə, mübarizə, qələbələr yaşıl meydanda göstərilməlidir, meydanlarda, küçələrdə, səfirlik qarşısında yox...
Təəssüf ki, ümumi futbol yaddan çıxıb, qruplaşmalar, tərəfkeşliklər futbolda tüğyan edir. Stadionlarda azarkeşlərin futbol yarıtmazlarına yönələn "istefa"ları... Dünən Bakı "piket"ı ilə yanaşı Parisdə(!) 30-40 min türk azarkeşinin türk futbolu ilə birgə vəhdətini bütün dünya gördü...
Tək futbolda deyil, həyatda da yaradıcı insanlar var, dağıdıcı nankorlar da var. Artıq ölkədə futbol yox dərəcəsindədir, məhv edilib. Dağıdıcılar tam xarabalığa çevirməyənə kimi əl çəkməyəcəklər. Pusquda gözləyənlər də az deyil, heç onları da böyük ölçüdə futbol maraqlandırmır...
Futbolsuz Azərbaycan Avro-2020-yə hazırlaşır. İllərdi yaradılan şəraitin qarşılığı bu oldu...Maketlər, buketlər, bukletlər, piketlər... Azərbaycan, millət, bayraq, ümumi futbol adına birliyin olması arzusu ilə...
Tahir SÜLEYMANOV