Bir şəklin tarixçəsi: SSRİ-nin sonuncu çempionları - məşhur azərbaycanlı "üçlük
- 27 Apr 2020 14:00
- 2058
Vaxtilə Azərbaycanı şahmat üzrə beynəlxalq yarışlarda təmsil edən məşhur bir "üçlük” var idi - Firuzə Vəlixanlı, Aynur Sofiyeva, Nigar Sultanova...
Sonralar onlar müxtəlif səbəblərdən karyeralarını vaxtından bir qədər tez başa vururaq, şahmat sahəsindən uzaqlaşdılar.
Bəlkə də bugünkü gənc nəsil onları yaxşı tanımır, amma Azərbaycanın yaşlı şahmatsevərləri şübhəsiz ki, bu trionu yaddan çıxarmayıb...
Zaman 1986-cı ilin iyulu... Məkan Belarusun paytaxtı Minsk... SSRİ Xalqlarının 9-cu Spartakiadasında şahmat üzrə qadınlardan ibarət Azərbaycan yığma komandası çempion olmuşdu... Çempionluq titulunu respublikamıza məhz bu "üçlük” qazandırmışdı - Firuzə Vəlixanlı, Aynur Sofiyeva, Nigar Sultanova...
Rusiya və Ukrayna kimi güclü komandaları geridə qoyan və bütün SSRİ-yə səs salan zərif şahmatçılarımız Minskdə 15 mümkün xaldan 9,5 xal toplayaraq 1-ci yeri tutmuşdular. Firuzə Vəlixanlı isə yarışda unikal rekorda imza atmışdı: keçirdiyi bütün görüşləri qələbə ilə başa vuran həmyerlimiz bu göstəriciyə görə hətta kişiləri də geridə qoymuşdu.
Tale elə gətirdi ki, həmin Spartakiada keçmiş SSRİ-də sonuncu oldu. Beləliklə, Firuzə Vəlixanlı, Aynur Sofiyeva, Nigar Sultanovadan ibarət Azərbaycanın qadın şahmat komandası SSRİ məkanının sonuncu çempionu oldu.
Bu mühüm qələbə o zaman Azərbaycanda böyük rezonans doğurmuş, respublikamızın idman tarixinə qızılı hərflərlə yazılmışdı. Azərbaycan televiizyası, ölkə qəzetləri bir müddət onları ön planda saxlamışdı. Hətta xalq yazıçısı Mirzə İbrahimov bu qələbədən ruhlanaraq, o vaxtki "Kommunist” qəzetində məşhur trioya həsr olunan şeir çap etdirmiş, həmçinin məlum qələbə münasibəti ilə "Ən gənc”, "İlk zirvələr” adlı sənədli filmlər çəkilmişdi.
Sözügedən qələbədən sonra Azərbaycan SSR Şahmat Federasiyasının və Respublika Şahmat Məktəbinin rəhbəri Çapay Sultanov "Azərbaycanın idman və bədən tərbiyəsi üzrə əməkdar işçisi”, həmin vaxt ölkə şahmatının inkişafında mühüm rolu olan məşqçilər Aleksandr Aslanov və Salman Süleymanov "Əməkdar məşqçi” fəxri adları ilə təltif olunmuşdular.
Bəs həmin o məşhur trionun üzvləri indi haradadırlar?..
Aynur Sofiyeva 2007-cı ilin mart ayından etibarən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini vəzifəsində çalışır. O, keçmiş futbolçu Yunis Hüseynovla evlidir, 2 qızları var.
Firuzə Vəlixanlı şahmat fəaliyyətinə 2007-ci ildən son qoyub. O, hazırda həyat yoldaşı və uşaqları ilə birgə ABŞ-ın Nyu-York şəhərində yaşayır. Şahmatçı xanımın həyat yoldaşı Tofiq Musayev Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyində çalışır. Onları 3 övladı – bir qız, 2 oğlan -var
Təəssüf ki, Nigar Sultanova haqqında hər hansı məlumat əldə edə bilmədik...
Şəkildə əllərində gül dəstəsi tutmuş qızlar onlardır - soldan sağa: Firuzə Vəlixanlı, Aynur Sofiyeva, Nigar Sultanova...
Mənbə: Modern.az