“Birlikdə qeyd edəcəyimiz çox qələbələr olacaq”
- 19 Okt 2024 16:00
- 183
“Çempionata gərgin məşqlər etməklə hazırlaşmışıq. Komandanın heyəti yenilənib. Odur ki, uyğunlaşma prosesi keçirik”.
Rekord.az xəbər verir ki, bu sözləri klubun mətbuat xidmətinə açıqlamasında “Gəncə”nin üzvü Lavon Holland deyib.
ABŞ-dən olan basketbolçu bildirib ki, oyunçular meydanda bir-birini tanımağa çalışırlar: “Yaxşı məşqçilərimiz var, onlar bizim inkişaf etməyimiz üçün dayanmadan çalışırlar. Bizdə məşqlərdə üzərimizə düşən işi görməyə çalışırıq. Hazırlıq prosesləri yüksək səviyyədə keçib. Özümə gəlincə, əzmlə məşq edib, formamı artırmağa səy göstərirəm. Çempionat başlayana kimi çatışmazlıqları aradan qaldırmağa çalışmışıq. Mən işimdən zövq alıram. Bunu da məşqlərdə və oyunlarda göstərmək istəyirəm”.
Holland komandanın qarşısına qoyulan hədəfdən də danışıb: “Əgər bacardığımız kimi oynasaq, çempionatda uğur qazanacağıq. Komandamızın yaxşı potensialı var. Heyətimiz istedadlı yerli və gəlmə basketbolçulardan təşkil olunub. Birgə vəhdət təşkil etmişik. Bu mövsüm Gəncədə iddialı kollektiv olaraq rəqiblərimizin önünə çıxacağıq. İlk növbədə məqsədimiz pley-offa düşməkdir”.
30 yaşlı oyun qurucusu azarkeşlərə də səslənib. Fanatları komandaya dəstək olmağa çağırıb: “Bilirəm ki, Gəncədə basketbolu çox sevirlər, komandaya dəstək göstərirlər. İnanıram ki, azarkeşlər bizi əvvəlki illərdə olduğu kimi dəstəkləsələr və ruhlandırsalar, birlikdə qeyd edəcəyimiz çox qələbələr olacaq”.