Biz də Avropada olmalı idik
- 27 Mar 2024 11:43
- 668
Bu yazımı futboldakı uğursuzluqlarımıza bəhanə yox, səbəbin izahlarından biri kimi qəbul edin. Ola bilər çox emosional fikir kimi görünəcək, razılaşmayanlar da olacaq, ancaq bu məqamlar mütləq ki qabardılmalı, deyilməlidi.
Azərbaycan həmişə sıxışdırılıb. Bütün sahələrdə. Son 100-150 ildə başımıza gətirilməyən oyun qalmayıb, təzyiq altında saxlanılmışıq, repressiyalara məruz qoyulmuşuq, haqqımız yeyilib, güclü olsaq da, 2-ci, 3-cü plana atılmışıq. Bütün sahələrdə, idmanda da həmçinin.
İdmandan danışaq. Məsələn, gürcülər ilk illərdən İttifaq səviyyəsində bütün idman növlərində qabağa çəkiliblər. SSRİ-də qeyri-rəsmi şəkildə Qafqazın idman paytaxtı Tiflis elan edilib, maliyyə əsasən ora axıdılıb, ordan şaxələnib, böyük idman klub və cəmiyyətləri ilk olaraq oralara gətirilib. İstər əhali sayı, istər ərazi, istərsə də təbii və digər resurslar, göstəricilər baxımından daha böyük, daha geniş imkanlara malik olmasına baxmayaraq Azərbaycan açıq şəkildə ofsayda salınıb. Bir məqama fikir verin: Qafqazda bütün idman növləri üzrə SSRİ çempionatlarının əsas keçirilmə yeri Tiflis olub, öncüllük onlara verilib. Boks, güləş, şahmat, tennis, ağırlıqqaldırma, sambo... Siyahını uzatmaq olar. Azərbaycana ya İttifaq səviyyəli yarış heç həvalə olunmayıb, həvalə olunubsa da, Gürcüstan mütləq ki bizdən daha çox buna nail edilib (təbii ki, ermənilərə də bizdən çox şərait yaradılıb). Bizi kənara atıblar, məqsədyönlü şəkildə bacarıqsızlıq, natamamlıq kompleksi yaratmağa çalışıblar.
Proses sadəcə yarışların təşkili ilə aparılmayıb. İnfrastrukturda əsas layihələr bizdən yan keçib (elə stadionlara baxın: Tiflis və İrəvandakı böyük arenaların tutumuna baxın, bir də bizdəki “Bəhramov”a). Ölkəmizdə idmanda bilərəkdən yüksək və yüksək olmayan çinli məmurlar yerli olmayıb, başqa millətlərə öncüllük verilib, eyni addımlar məşqçilər, digər mütəxəssislər səviyyəsində də atılıb. Ruslar, ermənilər qabağa verilib, vəzifələrə qoyulub, inkişafımızın təməlinə bomba qoymaqla beşikdə boğulmağa çalışılıb. Bütün sahələrdə belə idi, bunu bilirik, idman da istisna deyildi. Səbəblərinə girməyəcəm. Dinidi, irqidi, ya başqa səbəbdi, müzakirə edilə bilər, amma fakt faktlığında qalır.
Tezis bir olub: azərbaycanlılar bacarıqsızdılar, heç bir işə yaramırlar.
Yalnız müstəqillik dövründə bu boşluğu aradan qaldıra bilmişik. Böyük yarışları mütəmadi qəbul edən tərəfik, təşkilatçılıqda nəinki Qafqaza, bəzən bütün Avropaya fora veririk, işimizin öhdəsindən yaxşı gəlirik. İnfrastrukturda az irəliləməmişik, ən azından say olaraq qurğularımız, idman tikililərimiz lazımi qədərdi. Pulumuz da var. Yeganə problem kadrlardı. Sayımız çox olsa da, düşüncə olaraq geridəyik. Çünki hələ də Sovet düşüncəli, natamamlıq kompleksi olan, bu kompleksdən heç cür qurtula bilməyən həm beyin, həm də yaş olaraq qoca “kadr”lar və onların gənc davamçıları yetərincədi, səlahiyyət sahibidilər. Bu insanlarda “Azərbaycanlılar heç nəyi bacarmırlar” düşüncəsi hakimdi, başqa fikri qəbul etmirlər, istənilən irəliləyişi təsadüfi sayır, bu cür qələmə verib kölgə salmağa çalışırlar. Diqqətlə fikir verin, hardasa problemin dərinləşdiyini görsəz, orda mütləq ki “SSRİ xətti” var. Diqqətlə baxın, görəcəksiz.
Heç kim məni inandıra bilməz ki, Azərbaycan xalqı gürcülərdən, ya ermənilərdən bacarıqsızdı. Ola bilməz ki, futbolu regionda onlar oynaya bilsin, biz oynaya bilməyək. Ola bilməz ki onlar ağırlığın öhdəsindən gələ bilsin, biz gəlməyək. Ola bilməz ki onlar güləşə bilsin, biz bilməyək. Ola bilməz ki onların yumruğu möhkəm olsun, bizim olmasın. Ola bilməz. Mümkün deyil.
Bu yazdıqlarımla Gürcüstanın futbol yığmasının uğuruna kölgə salmıram. Əsla o cür düşünməyin. Alın təri ilə, layiq olduqları qələbəni qazanıblar, ürəkdən də təbrik edirəm. Tək futbol yox, digər idman növlərindən də olan çox sayda gürcü tanışlarım var, güclü mütəxəssislərdilər, Vətənlərini sevir, böyük əmək sərf edir, çalışırlar. Şans gəlib, istifadə ediblər. Halallarıdı.
Mənim dərdim özümüzük. Yenə deyirəm, biz bacarıqlı xalqıq, heç kimdən də geri qalmırıq. 44 günlük müharibə də buna sübutdu. Yerə-göyə sığdırılmayan ermənilərin qulağının dibinə elə şillə qoymuşuq ki, cingiltisi hələ də getməyib, hələ də əks-sədası Moskvadan, Parisdən, Vaşinqtondan gedib-gəlir. Nə qonşularımız, nə də onlara havadarlıq edənlər Azərbaycanın uğurunu qəbul edə bilmirlər. Çünki daima bizi bacarıqsız, miskin hesab ediblər. Biz də bu cümlələri eşidə-eşidə zəifləmiş, süstləşmişik, bacarıqsız olduğumuza inanmışıq, özümüzə qarşı dözümsüzləşmişik.
Futbolumuza son 20 ildə o qədər pul axıdılıb ki, düşünəndə adam dəhşətə gəlir. O pulların heç olmasa yarısı düzgün xərclənsəydi, nəinki Avropa, hətta dünya çempionatının final mərhələsində azı 1 dəfə oynamışdıq. Əvəzində ölkəsində adam yerinə qoyulmayan əcnəbilər gətirilib, qarşılarında adi hədəflər qoyulub, qazandıqları təsadüfi və adi nəticələr şişirdilib, öz kadrlarımız ələbaxan, bacarıqsız kimi təqdim edilib. Milli komanda Azərbaycanla əlaqəsi olmayan, yaxud dolayı əlaqəsi olanlarla doldurulub, nə bayrağa, nə himnə, nə geyinilən o müqəddəs formaya hörmət saxlanılmayıb. Ölkə futbolu darmadağın edilib, infrastruktur bərbad günə salınıb, normal mütəxəssislərin yetişməsinə imkan verilməyib, yetişənlər də bir yolla kənarda saxlanılıb. Uşaqlarımız süni meydançalarda oynadılaraq gələcəyimizə saatlı bomba qoyulub, adını yaza bilməyən, işi bacarmayan, qohumluq əlaqələri hesabına qabağa gedənlər məşqçi-mütəxəssis elan edilib, ölkədə futbolçu bir yana qalsın, peşəkar menecer, inzibatçı, direktor, agent, rəhbər şəxs tapılmır, futbol həkimi, dietoloqu, hətta futbol qazonuna, ota baxan bir normal mütəxəssis demək olar ki yoxdu. Sanki futbolun içinə nüvə silahı atılıb.
Azərbaycan futbolunun ən böyük problemi kadrlardı. Özü canlı, düşüncəsi ölü olan, öz komfort zonasında oturaraq inkişafımızı istəməyən, buna can yandırmayan, yerini kiminsə tutmasını istəməyən kadrlar. Futbol təkcə topdan və meydançadan ibarət deyil. Oyun olaraq sadə bir oyundu, onu Tibet dağlarında da eyni cür oynayırlar, Amazon sahillərində də, Qrenlandiyada da, Madriddə də, Londonda da, Bişkekdə də, başqa yerlərdə də. Fərq ona münasibətdədi.
Azərbaycan futbolunun inkişafı peşəkar və milli olmaqdan keçir. İçimizdəki adı, soyadı bizim olan, amma düşüncə olaraq bizim olmayan, düşmən olan şəxslərin təmizlənməsi lazımdı. Azərbaycanı sevməyən istənilən adam cəzalanmalı, işinə peşəkar və milli yanaşmayaraq onun idmanının, futbolunun inkişafını sabotaj edənlər uzaqlaşdırılmalı, bir daha yaxın buraxılmamalıdı. Əmin olun, daxildəki xəstəliyimizi həll etsək, xaricdə daha güclü olacaq, hər kəsə nəyə qadir olduğumuzu sübut edəcəyik.
Kənan Məstəliyev, "Rekord.az"