
“Bizə yaxşı mənada dərs oldu”
- 01 Apr 2025 13:31
- 74
Avropa çempionatının əsas mərhələsində mübarizəni başa vuran 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin üzvü Ədalət Ələkbərov turniri dəyərləndirib.
Rekord.az xəbər verir ki, komandamızın aktivində olan 5 qoldan 3-nün müəllifi olan hücumçu azfutzal.az-a bunları deyib:
“Bizim üçün maraqlı turnir oldu. Rəqiblərimiz də Avropada seçilən komandalar idi. Çalışdıq oyunlara tam motivasiya, məsuliyyətlə çıxaq. Ancaq təcrübəsizlik sözünü dedi.
İlk oyuna çox uğursuz start verdik. Halbuki Bosniya və Herseqovinaya həmin hesabla uduzmağa layiq deyildik. Əvəzində toparlandıq, ertəsi gün qrupun əsas favoriti hesab edilən Xorvatiyaya qarşı daha yaxşı oynadıq. Görüş heç-heçə başa çatsa da, qələbə qazana bilərdik. Bəlkə də Bosniya və Herseqovinaya qarşı da belə mübarizə aparsaydıq, meydanı xalla tərk edə bilərdik. Görünür turnirin həyəcanı, erkən qol buraxmağımız fərqin böyüməsinə səbəb oldu. Son görüşümüz qardaş Türkiyə yığmasına qarşı oldu. Bu matç da kifayət qədər gərgin keçdi. Uduzsaq da, rəqib 3 xalı çətinliklə qazandı. Qrupun surpriz komandası idi. Türkiyə ilə oyunda qaçırdığım epizodları düzgün dəyərləndirə bilsəydim, qələbə qazanardıq. Yenə deyirəm, bu turnir bizə böyük təcrübə qazandırdı. Oyunlar göstərdi ki, istənilən rəqiblə oynamaq və yaxşı nəticə qazanmaq mümkündür.
U-19-un ümumi çıxışı barədə danışsaq, ilkin mərhələdən başladıq. San Marinoda təşkil olunan qrup oyunlarında Kosovo favorit göstərilirdi. Ancaq biz onlara qalib gəlməklə əsas mərhələyə doğrü iri addım atmış olduq. Təəssüf ki, bu görüşdəki nəticə San Marino önünə bir qədər arxayın çıxmağımıza səbəb oldu. Hər şeyə rəğmən, ilk dəfə mərhələ adladıq, əsas mərhələdə isə ilk xalımızı qazandıq. Yaxşı tərəfdən də seçilə bilərdik, sadəcə ilk matçdakı həyəcan, oyuna tam köklənə bilməməyimiz mane oldu. Təbii ki, bunlar bizə yaxşı mənada dərs oldu. İndi çalışmalıyıq ki, özümüzü inkişaf etdirək, gələcəkdə əsas millinin heyətinə cəlb olunaq”.