Bizim olmadığımız çempionatın bizdən olan qalibləri
- 12 İyl 2021 16:26
- 1287
AVRO-2020 artıq tarixə qovuşdu. Heç şübhəsiz ki, bu dəfəki Avropa çempionatının final mərhələsi uzun müddət yaddaşlardan silinməyəcək, futbol tarixində özünəməxsus yer tutacaq. Ən birincisi ona görə ki, bu dəfəki çempionatın rəsmi adı AVRO-2020 olsa və onun keçirilməsi ötən ilə nəzərdə tutulsa da, bunu həyata keçirmək mümkün olmadı. Səbəb də bəllidi. Bütün dünyanı cənginə alan koronavirus pandemiyası həyatın bir çox başqa sahələri kimi, futbolu da öz cənginə aldı, planları alt-üst etdi. Ötən ilin martından bu təsiri futbolun üzərində hiss etməyə başladıq. Əvvəlcə azarkeşlərin tribunalara uzanan yolu bağlandı, daha sonra da Azərbaycan Premyer Liqası yarımçıq dayandı. Sonrasını siz də bilirsiz. Çempionlar Liqasının və Avropa Liqasının həlledici mərhələsi öyrəncəli olmadığımız formatda, “ölü sükut”un müşayəti ilə keçirildi. Tokioda düzənlənməli olan Olimpiya Oyunları və Avropa çempionatının final mərhələsi növbəti ilə qədər təxirə salındı.
Çempionatın gedişi haqda uzun-uzadı danışmayacam. Qardaş Türkiyənin uğursuz çıxışına isə hələ daha əvvəlki yazılarımın birində toxunmuşdum. İtaliyanın çempionluğu tükənməz enerjinin, çempionluq xarakterinin təntənəsi idi. İngiltərənin finalda üzləşdiyi uğursuzluğu isə həmin xarakterin olmamasına da bağlamaq olar, ingilislərin milli komandalarının üzərində yaratdığı dəhşətli təsirin fəsadlarına da. Bütün bunlar öz yerində. Mənim yazımın əsas məqsədi başqadı. Bu dəfəki Avropa çempionatını bizim üçün xüsusi edən səbəb də var idi. Final mərhələsinə ev sahibliyi edəcək 11 şəhər arasında doğma Bakımız da yer alırdı. UEFA Avropa çempionatını təxirə salanda, turnirin formatına yenidən baxılacağı barədə müzakirələr aparılanda həyəcanlanırdıq. Qorxurduq ki, format dəyişilər və Bakıda bu həyəcanı görmək xoşbəxtliyi əlimizdən alınar. Final mərhələsinin oyunlarının boş tribunalar önündə keçiriləcəyi ilə bağlı dedi-qodular da öz təsdiqini tapmadı. Bakı azarkeşlərin üzünə tribunaların qapılarını açan şəhərlər sırasında yer aldı. Bununla da bir növ koronavirus pandemiyasına meydan oxuyub, futbola qucaq açmış olduq. Şükürlər olsun ki, hər şey bizim üçün yüksək səviyyədə yekunlaşdı, Azərbaycan dövləti təşkilatçı tərəf kimi öz üzərinə düşən öhdəlikləri yerinə yetirə bildi. Özü də yüksək səviyyədə.
Təəssüflər olsun ki, bir arzumuz çin olmadı. Söhbətin milli komandamızı bu yarışın iştirakçıları arasında görmək arzumuzdan getdiyini anladınız. Bakı Buxarestlə birlikdə iki şəhərdən biri idi ki, Avropa çempionatında yalnız təşkilatçı kimi qatılır, ölkənin milli komandası 24 iştirakçı arasında yer almırdı. Hər nə qədər təəssüflənsək də, bunun qanunauyğunluq olduğunu da bilirik. Biz futbol ölkəsi olaraq hələ ora qədər böyüməmişik. Milli komandamızın səviyyəsi, oynadığımız futbol belə nəhəng yarışa layiq deyil. Amma milli komanda kimi iştirakçısı olmadığımız çempionatda bizim də imzamız oldu. Bakı Olimpiya Stadionu özünü ən yüksək səviyyədə göstərdi, buna görə UEFA-dan təşəkkürnaməsini də aldı. İngiltərənin finala yüksəlməsi də həmyerlimiz, məşhur hakim Tofiq Bəhramovu yenidən Avropa futbolunun gündəminə gətirdi. Bu çempionatın bizdən olan daha bir qalibi İTV idi. “İctimai” kanal həm çempionat oyunlarının yayımına, həm hazırladığı proqramlara görə azarkeşlərin alqışını aldı. Və ən əsası fərqli simaların şərhçi seçilməsi, final oyununa Rəşad Sadıqovun dəvət alması qeyd edilməlidi. Həmişə belə rəngarəngliklər. Təbriklər, əziz qaliblər!