Boksçularımız Avropa Olimpiya Təsnifat Turnirinə yollandı
- 01 İyn 2021 19:20
- 875
Qadın boksçulardan ibarət Azərbaycan milli komandası iyunun 4-də Fransanın paytaxtı Parisdə start götürəcək Avropa Olimpiya Təsnifat Turnirinə hazırlığı başa vurub.
Rekord.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.
Baş məşqçi Elbrus Rzayevin rəhbərlik etdiyi yığma artıq yarışa yollanıb. Beş gün davam edəcək turnirdə 2 qadın idmançı qüvvəsini sınayacaq. Tokio Yay Olimpiya Oyunlarına vəsiqə uğrunda Məhsəti Həmzəyeva (57 kq) və Aynur Rzayeva (75 kq) mübarizə aparacaq.
Həmçinin ölkə xaricində təlim-məşq toplanışında olan kişilərdən ibarət milli komanda da Təsnifat Turnirinin baş tutacağı ölkəyə gedib.
Qeyd edək ki, Avropa Olimpiya Təsnifat Turniri ötən il martın 14-də başlayıb. Lakin Böyük Britaniyanın paytaxtı Londondakı yarış üç gündən sonra koronavirus pandemiyası üzündən dayandırılıb. Azərbaycan millisinin heyətində Tayfur Əliyev (57 kq) 1/4 finala yüksəlməklə olimpiadada iştirak hüququ qazanıb. Cavid Çələbiyevlə (63 kq) Lorenzo Sotomayor (69 kq) turnirdə çıxışını 1/8 finaldan davam etdirəcək.
Alfonso Dominqes (91 kq), Məhəmməd Abdullayev (+91 kq), həmçinin Məhsəti Həmzəyeva (57 kq) və Aynur Rzayeva (75 kq) Londonu rinqə çıxmadan tərk ediblər.