Bəhreynin paytaxtı Manamada keçirilən Gimnaziada İdman Oyunlarında boks yarışları başa çatıb.

Rekord.az xəbər verir ki, məktəblilər arasında təşkil olunan multi-idman yarışında Azərbaycan millisi 18 medal qazanıb.

Bu medallardan 11-ini oğlan boksçularımız əldə ediblər. Bütün rəqiblərinə qalib gələn Əli Əliyev (46 kq), Şahin Mustafayev (48 kq), Nihad Qasımov (50 kq), Zakir Həsənzadə (52 kq), Sübhan Babayev (54 kq), Şahin Aslanov (60 kq), Haqverdi Həsənov (63 kq) və Rza Rzayev (70 kq) çempion tituluna yiyələnib. Valeh Eyvazlı (66 kq) gümüş, Adil Zalovla (75 kq) Səfdər Məmmədzadə (+80 kq) isə Oyunları bürünc medalla başa vurub.

Nəticədə 8 qızıl, 1 gümüş və 2 bürünc mükafat qazanan oğlan boksçulardan ibarət Azərbaycan millisi komanda hesabında 1-ci yeri tutub.

Qız boksçularımızdan Gülər Hüseynova (46 kq), Banuçiçək Nəsirli (48 kq), Əminə Tağı (54 kq) və Dəniz Babayeva (63 kq) qızıl medal qazanıb. Aylin Nəzərova (50 kq), Aysu Mikayılova (52 kq) və Mələk Hümbətova (57 kq) isə gümüş mükafata layiq görülüblər.

Qeyd edək ki, boks yarışları “Əl-Əhli” klubunun kompleksində keçirilib.