Boksçularımız Tokio-2020-yə hazırlığı İtaliyada davam etdirir
- 08 İyl 2021 20:42
- 771
Tokio Yay Olimpiya Oyunlarına hazırlaşan kişi boksçulardan ibarət Azərbaycan milli komandası İtaliyada beynəlxalq təlim-məşq toplanışında iştirak edir. Rekord.az xəbər verir ki, yığmamız Assizi şəhərindəki Boks Akademiyasında hazırlıq keçir.
Toplanışa 10-dək ölkə qatılıb. Artıq Fransa millisi geri dönsə də, İtaliya, Kolumbiya, Hindistan, Ekvador, Peru və digər millilərlə birgə məşqlər davam edir.
Boksçularımız Assizidə əsasən fiziki və taktiki hazırlıq üzərində çalışırlar. Onların növbəti günlərdə sınaq döyüşləri də planlaşdırılır. Toplanışa Tokio-2020-yə lisenziya qazanan Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Alfonso Dominqes (81 kq) və Məhəmməd Abdullayev (+91 kq) qatılıblar. Umberto Orta Dominqesin baş məşqçisi olduğu millimiz iyulun 18-dək İtaliyada hazırlıq keçəcək və oradan Olimpiadanın təşkil olunacağı Tokioya yollanacaq.
Qeyd edək ki, Oyunlarda boks yarışları iyulun 24-də start götürəcək və avqustun 8-də bitəcək. Döyüşlər “Ryoqoku Kokuqikan” İdman Sarayında keçiriləcək.