“Böyük Dəbilqə”: Balabəy Ağayev bürünc medal qazandı
- 21 Okt 2022 20:33
- 478
Bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start verilib. Rekord.az xəbər verir ki, ilk gündə Azərbaycanın 5 təmsilçisi tatami üzərinə çıxıb.
Kişilər arasında 60 kiloqram çəki dərəcəsində çıxış edən Balabəy Ağayev ardıcıl olaraq Anxelo Pantano (İtaliya), Şerzod Davlatov (Qazaxıstan), Dilşot Xalmatova (Ukrayna) qalib gəlsə də, yarımfinalda Giorgi Sardalaşviliyə (Gürcüstan) uduzub.
Eyni çəkidəki Turan Bayramov Bayurjan Narbayev (Qazaxıstan) və Youssi Samini (Misir) məğlub etsə də, Vey Yanqın (Çin Taypeyi) müqavimətini qıra bilməyib. Bayramov təsəlliverici görüşdə Kumar Vijay Yadava (Hindistan) qalib gələrək üçüncü yer uğrunda qarşılaşmaya vəsiqə qazanıb. O, bürünc uğrunda komanda yoldaşı Balabəy Ağayevlə üz-üzə gəlib. Azərbaycanlı cüdoçuların görüşündə Balabəy Ağayev daha güclü olub və “Böyük Dəbilqə”də bürünc medal qazanıb.
66 kq çəkidə yer alan Tofiq Məmmədov Oskar Pertelson (Estoniya) və Freddi Vayzeneggerdən (İsveçrə) üstün olsa da, Lenin Preçiadoya (Ekvador) yenilərək turnirlə vidalaşıb.
Qadınlardan 48 kq çəkidə yarışan Leyla Əliyeva Rafael Batista (Braziliya) və Melanie Klementi (Fransa) mübarizədən kənarlaşdırsa da, Françeska Milani (İtaliya) ilə bacarmayıb. Təsəlliverici görüşə qatılan 25 yaşlı cüdoçu burada Zonqyinq Guoya (Çin) uduzub.
52 kq çəkidəki təmsilçimiz Gültac Məmmədəliyeva startda Tolqanay Abeuovaya (Qazaxıstan) məğlub olub.
Azərbaycan “Böyük Dəbilqə”də 13 idmançı ilə təmsil olunur. Yarışa oktyabrın 23-də yekun vurulacaq.