“Böyük Dəbilqə”: Hidayət qızıl, Səid gümüş, Rüstəm bürünc medal qazandı
- 09 İyl 2022 22:00
- 536
Azərbaycan cüdoçusu Hidayət Heydərov Macarıstanın paytaxtı Budapeştdə keçirilən “Böyük Dəbilqə” turnirində qızıl medal qazanıb.
Rekord.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən 25 yaşlı ikiqat Avropa çempionu finalda olimpiya, dünya və Avropa çempionu gürcüstanlı Laşa Şavdatuaşvili ilə qarşılaşıb. Rəqibinə “qızıl xal”da "vaza-ari" ilə qalib gələn Heydərov yarışın qızıl medalına sahib çıxıb.
Hidayət Heydərov ardıcıl olaraq, ABŞ təmsilçisi Cek Yonezuka, polşalı Viktor Mrovçinski, tacikistanlı Behruzi Xocazoda və kubalı Maqdiel Estradanı məğlub edərək həlledici görüşdə iştirak hüququ qazanıb.
Eyni çəkidə mübarizə aparan Rüstəm Orucov isə 3-cü yer uğrunda görüşdə kubalı Maqdiel Estradanı yenərək bürünc medal qazanıb.
81 kq-da isə Səid Mollayi də finala qədər irəliləyib. Yığmada debüt edən cənubi azərbaycanlı cüdoçu əvvəlcə yunanıstanlı Atanasios Milonelisi mübarizədən kənarlaşdırıb. 1/8 finalda israilli Saqi Mukidən, növbəti mərhələdə isə qırğızıstanlı Asad Masabirovdan güclü olan Mollayi finala gedən yolda Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Nuqzari Tatalaşviliyə qalib gəlib.
31 yaşlı idmançı həlledici qarşılaşmada braziliyalı Gilyerme Şmidtlə üz-üzə gəlib. Qızıl xal bölümündə üçüncü dəfə xəbərdarlıq alan Mollayi qarşılaşmadan məğlub ayrılıb.
Eyni çəki dərəcəsində yarışan Zelim Tskayev isə ilk görüşdən qalib ayrılsa da, 1/8 finalda Vedat Albayraka uduzaraq turniri medalsız başa vurub.
Beləliklə, Azərbaycan yığması günü 3 medalla başa vurub.