“Böyük Dəbilqə”nin ilk günündə bir gümüş medal
- 17 Fev 2022 22:20
- 567
Bu gün İsrailin paytaxtı Təl-Əvivdə cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start verilib.
Rekord.az xəbər verir ki, 34 ölkədən 300-ə yaxın idmançının qatıldığı yarışda millimizin üzvləri də mübarizə aparıb.
Yarışın ilk günündə üç cüdoçumuz qüvvəsini sınasa da, onlardan yalnız biri fəxri kürsüyə qalxmağı bacarıb.
60 kq-da mübarizə aparan Kəramət Hüseynov ilk cəhdində braziliyalı Rayan Konseysaonu “ippon” fəndi ilə üstələyib. İkinci sınağında Monqolustan idmançısı Sumiyabazar Extayvanı vazari xalı ilə mübarizədən kənarlaşdıran təmsilçimiz yarımfinala çıxıb. Kəramət bu mərhələdə Qazaxıstan cüdoçusuna uduzaraq, qızıl medal qazanmaq şansını itirib. O, zədələndiyi üçün qazaxıstanlı Maqjan Şamşadinlə "bürünc" uğrunda qarşılaşmada iştirak etməyib. Nəticədə texniki məğlubiyyət alan Hüseynov 5-ci yerlə kifayətlənməli olub.
Bu çəkidəki digər həmyerlimiz Balabəy Ağayev startda Matan Kokolayevlə (İsrail) dueldən qalib ayrılıb. O, növbəti mərhələdə Monqolustan idmançısına uduzduğu üçün təsəlliverici görüşə qatılıb. Amma tatamidən yenə də məğlub ayrılan Ağayev mükafatçılar sırasında yer ala bilməyib.
66 kq-da yarışan Yaşar Nəcəfov ilk görüşdə Yevgeni Qonçarko (Ukrayna) üzərində qələbə qazanıb. O, 1/8 finalda İsrail cüdoçusu Eylon Barşeşeti məğlub edərək, növbəti mərhələyə yüksəlib. Yarımfinal uğrunda mübarizədə isə Yaşar ispaniyalı Martin Qayterodan güclü olub. Ardından Xerlen Ganboldu mübarizədən kənarlaşdıran Nəcəfov finala çıxıb. Cüdoçumuz qızıl medal uğrunda israilli Barux Şmailovla qarşılaşıb və bu dəfə tatamidən məyus ayrılıb. Nəticədə Yaşar Azərbaycan yığmasına gümüş medal qazandırıb.