Rekord.az “Neftçi”nin sabiq baş məşqçisi, Azərbaycan klubu ilə Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanmış ilk mütəxəssis olmuş mərhum Böyükağa Hacıyevin oğlu Rüstəm Hacıyevin müsahibəsi:ni təqdim edir:

 

  • Rüstəm, Böyükağa müəllim futboldan kənarda necə biri idi?
  • Yaxşı ata, dost, övladlarının qayğısını çəkən biri. Biz ata-baladan daha çox dost olmuşuq. Yəni ən kiçik problemimizdən tutmuş, ən böyük problemimizə kimi, özümüz üz-üzə söhbət edirdik (qardaşımla özümü nəzərdə tuturam).
  • Futboldakı məsələlərlə bağlı oyunlardan əvvəl və ya sonra səninlə danışırdımı?
  • Təbii ki, hər oyundan bir gün əvvəl bazaya gedirdik. Sabah olacaq oyun barədə uzun-uzun söhbət edirdik. Atam “Neftçi”də işlədiyi illər ərzində ən mühüm oyunlara çıxmazdan 15 dəqiqə öncə hər zaman mənimlə telefon danışığı edirdi. Bu, artıq onun fartı idi. Yəni inanc kimi qəbul etmişdi özünə. Bütün oyunlardan 15 dəqiqə öncə mütləq telefonla əlaqə saxlayırdı mənimlə.
  • Qardaşınla səndən məsləhətlər alırdımı?
  • Yox, futbol barədə əsla! Məsləhət yox, sadəcə oyun haqda bizimlə uzun-uzun söhbət etməyi sevirdi.
  • Ən çox yadında qalan oyunöncəsi danışıq hansı olub?
  • Bütün Azərbaycanın necə ki, APOEL ilə oyun yadında qalıbsa, məndə də elə. Həmin gün oyundan öncə Kiprdən mənə zəng elədi və
    dedi ki, bütün “Neftçi” komanda halında mətbuat konfrasında dediklərimin arxasında dayanıb, çıxırıq və qalib gələcəyik. Sağollaşmadan öncə, hər zaman deyirdi ki, sözün var? Deyirdim, uğurlar, öpürəm. “Fənərbaxça” ilə yoldaşlıq oyunuöncəsi Antalyadan zəng elədi, dedim “ata, çalış “Fənər”ə uduzma”, dedi mən “Fənərbaxça”ya uduzmaram (gülür).
  • Bir növ atanızın oyunöncəsi “uğur zəngi” olmusuz. Bəs sizinlə danışıb, uduzduğu oyunlardan sonra fikirləri necə olub?
  • Təbii ki, olub. Mən Vanqa deyildim ki. Sadəcə, atamda fart olaraq yaranan bir durum idi. Danışıb, ancaq məğlub olduğu oyunlardan sonra heç üz-üzə gəlmək istəmirdik. Ölkə çempionatında olan oyunlarda uduzanda belə, bir həftə qaşqabaqlı, sərt olurdu.
  • Oyunlardan sonra bəzən jurnalistlərlə də polemika yaşayırdı. Evə gəldikdən sonra bu haqda müzakirələr edirdizmi?
  • Ümumiyyətlə, idman mediasında olanlardan atamı mən xəbərdar edirdim. Təbii ki, jurnalistlərlə əlaqədər söhbət edirdik, danışırdıq.
  • Nə zamansa, konfranslarda danışdıqlarına görə peşmançılıq yaşayıbmı?
  • Yox, əsla bu söhbətləri etməzdi. Sözünün ağası olub hər zaman, peşmançılıq yaşamayıb.
  • Sən necə düşünürsən bəs? Atan hər zaman haqlı olubmu?
  • Təbii ki, atam hər zaman haqlı olub.
  • Atanızın konfransı zamanı qalmaqallar da yaşanırdı və oğlanları da konfransda iştirak edirdilər…
  • Məlum mətbuat konfrası zamanı qardaşım Yusif emosiyalarına sahib çıxa bilməmişdi və kiçik qalmaqal yaşanmışdı. Mən sadəcə sakitləşdirirdim.
  • Qardaşının konfransda iştirak etməsi nəylə bağlı idi?
  • Keçmişdə qalıb artıq.
  • Atanızın ləqəbi “Zəif” olub. Bu, nəylə bağlı idi?
  • Cavan vaxtlarında, futbol oynayanda çox arıq olub. “Zəif” ləqəbi belə yaranıb. Amma mənə görə dünyanın ən güclü adamı idi.
  • Böyükağa müəllim tarixi də yaxşı bilirdi…
  • Tarix fakültəsini bitirmişdi. Tarixi çox güclü bilirdi.
  • Atanız başqa nələri xoşlayırdı?
  • Musiqi dinləməyi sevirdi. Çox musiqi dinləyirdi.
  • Məsələn, necə musiqilərə qulaq asardı?
  • Atamla bizim – ailəmizin musiqi zövqü heç bir zaman uyğun gəlməyib. Mama uşaqlıqdan bizə “Queen”, “Beatles” filan dinlədib. Amma papa Flora Kərimovanı, Eyyub Yaqubovu dinləyirdi. Atam çox maraqlı insan idi, saymaqla bitməz. Öz dünyası var idi.
  • “Bakı”nın keçmiş vitse-prezidenti Yaşar Seyidovla münasibəti haqda səninlə danışmırdı?
  • Yaşar müəllimlə özlərinə məxsus zarafatları olub hər zaman. Hər zaman qıcıqlandırırdı Yaşar müəllimi. O, bundan həzz alırdı.
  • Yaşar Seyidovla bir vaxtlar həm də dost olublar. Bu münasibətləri haqda səninlə danışanda nələr deyirdi?
  • O qədər çox danışmayıb Yaşar müəllim haqda. Amma “Bakı”nı ilk çempion edən baş məşqçi kimi, təbii ki, çempionluğu eyni klubda bir yaşayıblar deyə, münasibətləri mükəmməl olub.
  • Atanız əvvəlcə futbolçu, sonra da məşqçi olub. Nə əcəb oğlanlarından heç biri bu sahəyə üz tutmayıb?
  • Özü bunu istəməyib. Oturub üç saat normal şəkildə futbol təhlil edirdik. Amma futbolçu olmağımızla bağlı hər zaman mənfi fikirdə olub. İstəməyib, səbəbini də heç bir zaman açıqlamırdı.
  • Özünüzün marağınız yox idi?
  • Ölkədə karantin rejimi olmayana kimi mən həftədə iki dəfə futbol oynayırdım. İş yoldaşlarımla, dostlarımla. Təbii ki, həvəsimiz olub. Amma zamanla artıq futbolçu olmayacağımızı dərk etdik.
  • Atanız istəmədiyi üçün futbolçu olmayacaqdız?
  • Bəli, onun fikirlərinə hörmətlə yanaşdıq.
  • Martın 16-da atanızın vəfatının ildönümü idi. Futbol ictimaiyyətindən baş çəkənlər oldumu?
  • Bizim özümüz ailə olaraq, təbii ki, məzarını ziyarət etdik. Bütün futbol ictimaiyyəti isə başsağlığı verdi.
  • “Neftçi” rəhbərliyindən əlaqə saxlayan oldumu?
  • “Neftçi” rəhbərliyi ilk başsağlığı verənlərdən oldu. Digər klublardan da başsağlığı verənlər oldu, bəli.
  • Ümumiyyətlə, futbol adamlarından atanızın ölümündən sonra sizinlə əlaqə saxlayanlar olurmu?
  • Təbii ki, AFFA rəhbərliyi hər zaman, daim maraqlanır. Mən AFFA-da Media Departamentində çalışıram. Atamın vəfatının ilk günlərindən AFFA rəhbərliyi hər zaman yüksək səviyyədə bizə dəstək olub.
  • Atanızın futbolçu kimi ən unudulmaz anı hansı olub və bu haqda sizinlə danışıbmı?
  • Atamın çox güclü stopper olduğunu hamıdan eşitmişəm. O dönəmdə rəhmətlik Əhməd Ələsgərov atamı üç dəfə “Neftçi”yə dəvət edib. Ancaq atam doğma komandası “Araz-Naxçıvan”ı tərk etməyib.
  • Bəs baş məşqçi kimi nə üçün “Neftçi”də çalışıb, soruşmamışdız?
  • Sadıq Sadıqov müəllim güvənib, dəvət edib və birlikdə tarix yazıblar.
  • Bəs baş məşqçi kimi unudulmaz anı hansı idi?
  • Təbii ki, APOEL-lə o oyun. Həmin matç Azərbaycan futbolunda yeni dövrün başlanğıcı, inqilabı oldu.
  • Bəs baş məşqçi kimi ən uğursuz anı hansı olub?
  • Mən atamın “Neftçi”də ən uğursuz oyunu kimi “Partizan”la Bakıda pley-off görüşünü görürəm. O oyun haqda danışmaq heç bir zaman qismət olmadı.
  • Nə üçün danışmadız?
  • Çox pis dönəmlər yaşadı o oyundan sonra. “Partizan”la oyundan sonra “Simurq”la oynadılar, qalib gəldi və istefa verdi.
  • İstefası nəylə bağlı idi?
  • Yorulmuşdu sadəcə, səbəb bu idi. İstirahətə ehtiyacı var idi.
  • Atanızın futbol ictimaiyyətində xoşuna gəlməyən, uzlaşmadığı kimlərsə var idimi?
  • Çalışdığı son dönəmlərdə elə bir insan yox idi. Yən mən bildiyim qədəriylə yox idi. Təbii ki, işini evdə danışmağı sevən adam deyildi. Sırf prinsipdə olduğu baş məşqçilər var idi, təbii ki, sağlam rəqabət, futbolla bağlı (gülür).
  • Kimlərlə prinsipi var idi?
  • Ən çox istədiyi baş məşqçi Qurban Qurbanov idi. Bunu hətta bizimlə söhbət edəndə də deyirdi. Yəni münasibətləri çox gözəl idi. Təbii ki, meydançada “Qarabağ”la olan prinsip danılmaz idi. Papanın gözünün götürmədiyi sadəcə əcnəbi məşçilər olub. Yerlilərə hər zaman hörmət edib. Hər yerdə dəstək olub.
  • Əcnəbiləri sevməməsinin səbəbi nə idi?
  • Atam əcnəbi məşqçilərə verilən dəyərin yerlilərdən qat-qat yüksək olduğunu düşünürdü və əcnəbilərin buna layiq olmadığını deyirdi.
  • Sən özün nə düşünürsən bu haqda?
  • Təbii ki, mən özüm də atamın düşündüyünün eynisini düşünürəm.
  • “Oğlumu ona görə evləndirmirəm ki, 20 ildən sonra arvada əl vuranda, elə bil, soyuducuya toxunursan” – atanın bu fikirləri haqda nə deyə bilərsən?
  • Bu fikirlə razı deyiləm, ölənə kimi də razı olmayacam. Özünə də demişdim ki, düzgün fikir deyil.
  • Şəxsi deyilsə, başqa hansı məsələlərdə mübahisəniz düşürdü?
  • Mənə həmişə deyirdi ki, heç bir zaman mənim kimi ata ola bilməyəcəksiz.
  • Səncə, nəyə görə belə deyirdi?
  • Mükəmməl biri olduğu üçün (komanda.az).