"Braqa" ilə matçlar barədə qeydlərimi bölüşüm.

 

Evdəki matç başqa cür olacaq, azarkeş amili də rolunu oynayacaq. “Bəhramov” cəmi 30 minlik olsa da, akustikası, ab-havası rəqibi təzyiq altında saxlamağa imkan verir. Düzdü, “Braqa”nı bununla qorxuzmaq da bir şey deyil, amma “va-bank”a gedən komandaya qarşı istənilən vasitədən yararlanmaq olar. Portuqaliyalılar Bakıya hücum üçün gələcəklər, fərqi tez aradan qaldırmağa çalışacaqlar, irəli qaçacaqlar, deməli çox da səhvlər edəcəklər. Bir səhvi də azarkeşlər elətdirsin, bir qola da azarkeş səbəbkar olsun. Odu ki, tribunada yerinizi almağınız vacibdi. 

 

Oyunun özünə gəlincə, ikinci matçda da “Qarabağ” hücumda oynayacaq, rəqibin oyun planını pozmağa çalışacaq. Düzü də budu. Dünən hər iki qolu arxaya oturduğumuz zamanda buraxdıq. “Braqa”da yarım şansı qola çevirən çox sayda oyunçular var, buna bir daha şahidlik etdik. Qapansaq, bir yolunu tapıb fərqlənəcəklər. Hoca da bunu bilir və o da gördüklərini analiz edərək müvafiq addımları atacaq. Burda problem, yaxud da əsas sual odu ki, “bu tempdə “Qarabağ”ın oyunçuları nə qədər dözəcəklər?” Birinci matçda bundan xüsusi problem görmədik, amma yenə də sona yaxın eniş olacaq, 75-ci dəqiqədən sonra yorğunluq özünü büruzə verəcək. O vaxta qədər hesab bizi qane edən dərəcədə olsa, 15 dəqiqəni “yola vermək” çətin olmayacaq. Bu məsələdə bizim xeyrimizə olan bir məqam da var. “Braqa”nın bu həftəsonu öz çempionatında “Farense”ylə matçı var, “Qarabağ” isə bu tura düşən “Qəbələ” ilə səfər matçı ertələnib. Uzaqgörən gedişdi. Deməli, təmsilçimiz ilk matçın həm yol, həm də ümumi fiziki, funksional yorğunluğu üzərində rahatlıqla ata biləcək. 

 

Aşkar göründü ki, “Braqa” bizi ciddiyə almamışdı, normal tanıyana, öyrəşənə qədər iş-işdən keçdi. Nə rəqib futbolçuları, nə də baş məşqçisini, onun heyətini ciddiyə almamaq olmaz. Təcrübəlidilər, beynəlxalq səviyyədə yetərincə oyuna çıxıblar, boşluqları görə, nəticə çıxara, lazımi addımları ata bilirlər. Üstəlik, ilk matçdakı bu cür məğlubiyyət cavab görüşünü “ya tamam, ya davam”a çevirir, məsuliyyəti birə-beş artırır. Ona görə də, yaxşı hazırlaşacaqlar. Xüsusilə də orta xətdəki biabırçı oyunlarını gələn həftə izləməyə bilərik. Mütləq nəsə düzəliş edəcək, belə demək olarsa, özlərinə çəki-düzən verəcəklər. Yəni futbolçuların əyani mübarizəiylə yanaşı, məşqçilərin qiyabi yarışını da görəcəyik. Maraqlı olacaq.

 

Proqnoza gəlincə, turu “Qarabağ” keçəcək. Belə matçlar olanda, göz qarşısına ilk olaraq APOEL-lə qarşılaşmalar gəlir ki, o vaxt səfərdəki 1 topluq üstünlüyü evdə iki fərqlə yenilərək əldən vermişdik. Olan şeydi, hər kəsin başına gələ bilər. Əsas olan bundan nəticə çıxarmaq, təkrarına yol verməməkdi. Düşünürəm ki, Qurban Qurbanov da bunu bilir, xatırlayır, eynisinin baş verməməsi üçün gərəkəni edəcək. Məğlub tərəf, çətin durumda olan tərəf, riskə getməli olan tərəf qonaqlardı. Biz sadəcə təmkinli, soyuqqanlı olub, missiyanı uğurla başa vurmalıyıq. Vuracağıq da.
 

Kənan Məstəliyev