Bu gün mən görüşə tələsirəm...
- 06 Okt 2021 11:45
- 2064
Məşhur bir mahnı var, onun misraları uşaq vaxtından dillərimizin əzbəridi:
“Bu gün mən görüşə tələsirəm, yağma yağış, yağma yağış.
Yağış yağır, inanmıram yarım gözləyər məni.
Əgər yarım vəfalıdır yəqin gözləyər məni”.
Tərslikdən son günlər də havalar yağmurlu keçir, şüalarıyla bizi isidən günən qara buludların arxasında gizlənib.
Amma Azərbaycanda bir adam var ki, yağışa, küləyə, qara buludlara baxmayaraq dayanmadan görüşlərə gedir. Atalardan qalma bir məsəldə deyilir ki, başını orda islat, burda qırxdır. İndi həmin adamda eyni vəziyyətdədi. Başını Bakıda isladır, gedib Tovuzda qırxdırır, sonra Oğuza, ordan da Şəkiyə tələsir. Sorağı Qəbələdən gəlir. Bir də görürsən ki, Lənkəranda peyda oldu. Ordan da Masallıya keçir. Hərdən adama elə gəlir ki, özünə şəxsi təyyarə alıb, ya da AZAL-ın kiçiktutumlu təyyarələrindən birini icarəyə götürüb. Götürüb ki, qısa müddətdə bütün bu görüşləri yekunlaşdırsın, Şaxta Baba sayağı özüylə götürdüyü çantaları uşaqlara çatdırsın.
Bir vaxtlar Tahir Süleymanov deyəndə ki, AFFA rəhbərliyi isti kabinetləri tərk etsin, Lənkərana, Qəbələyə getsin. Onu bu sözlərinə görə 10 oyunluq stadionlardan kənarlaşdırıb, özünə də 20 min cərimə kəsirdilər. Getdikləri ən uzaq yer də Sumqayıt olurdu. Biz deyəndə ki, milli komandaların oyunlarını Bakıdan kənara çıxarmaq, bölgədə yaşayan azarkeşlərə də millilərin oyununu canlı izləmək üçün şərait yaratmaq lazımdı, qulaqlarının ardına vururdular. İndi eşidirk ki, U-19 millimizin Qəbələdə təlim-məşq toplanışı, ondan sonra da iki yoxlama görüşü keçirəcək. Qoy olsun, prosesin sonunda əsas millinin də olmasa, U-21-in oyunlarının Qəbələyə salınması ehtimalı var.
Qəhrəmanımızın kim olduğunu deməyi unutdum. Amma heç şübhə etmirəm ki, siz söhbətin kimdən getdiyini artıq bilirsiz. Son günlər ölkədə ondan çox görüş keçirən, ondan çox bölgələrə səfərə gedən yoxdu. Təbii ki, mən AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədovu nəzərdə tuturam. Adam əməlli-başlı özünə əl qatıb, az qalır ki, AFFA-nın Bakıdakı ofisini də bölgələrə köçürsün. Özü diqqət yetirsizsə, Elxan Məmmədov Vaqif Sadıqov, İsgəndər Cavadov, Kazbek Tuayev kimi “qocalardan” imtina edib. Söhbət heç də onların yaşının keçməsindən yox, istifadə müddətlərinin bitməsindən gedir. Çoxbilmiş baş katibi bilir ki, belələrinin xalq, futbol ictimaiyyəti arasında nüfuzu yerlə birdi. Daha onları yanında gəzdirməyə də layiq bilmir, camaat arasında yeni simalar çıxarır.
İlk səfərlərdə heç kimin tanımadığı, amma illərdi ona sadiq olan “gənclərdən” istifadə edirdi, sonra Samir Əliyevlə Vüqar Nadirovu yanında aparmağa başladı. Tovuzdakı stadionun ot örtüyünə parıltılı klassik ayaqqabıda, ütülü şalvarda çıxmışdısa, Masallıda ayağına bahalı “krassovka” geyinməklə səhvini düzəltmişdi. Səfərlər sıralandıqca təkmilləşmə gedir, səhvlər də “azaldılır”. Maraqla izləyirik, görək bu işlərin axırı nə olacaq...