“Bu oyuna görə heç bir futbolçuya irad bildirə bilmərəm” - Qriqorçuk
- 11 Avq 2024 00:19
- 177
“Neftçi” PFK-nın baş məşqçisi Roman Qriqorçuk Premyer Liqanın “Səbail”lə 2-ci tur oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Rekord.az xəbər verir ki, ukraynalı mütəxəssis 1:1 hesablı heç-heçəni belə şərh edib:
“İlk hissədə kifayət qədər qol epizodu yaratdıq, amma bunların çoxunu qola çevirə bilmədik. Qol fürsətlərindən daha yaxşı istifadə edə bilsəydik, oyun tamamilə başa cür alınardı. Bu oyuna görə heç bir futbolçuya irad bildirə bilmərəm, çünki hər kəs meydanda özünü ən yaxşı tərəfdən göstərməyə çalışırdı. Qələbə qazanmaq istəyirsənsə, epizodları vaxtında qola çevirməlisən ki, sonda əziyyət çəkməyəsən”.
Mütəxəssis oyundan sonra futbolçularla azarkeşlər arasında yaranan problemdən də danışıb: "Şübhəsiz ki, "Neftçi" hər oyunda qalib gəlməlidir. Biz azarkeşlərə qələbə bəxş etməliyik. Qələbə olmayanda, neqativlik yaranır. Epizoddan uzaqda idim. Bilmirəm ki, oyunçularla azarkeşlər arasında problemin yaşanmasına səbəb nə oldu. Düşünmürəm ki, oyunçulara belə irad bildirilməsi üçün hansısa səbəb olsun. Nəsə başqa bir şey olsaydı, qəbul edərdim. Orada nə baş verdiyini bilmirdim, eşitmirdim. Amma hansısa futbolçum azarkeşə söz desə belə, onlara haqq qazandırmaram. Əgər azarkeşlər pis söz deyibsə, oyunçuya haqq qazandırıb, onun tərəfini tuta bilmərəm. Futbolçunu söyürlərsə, nə etməlidir? Futbolçuya, komandaya hörmət etmək lazımdır. Əgər istedadlı futbolçu klub üçün mübarizə aparmırsa, bəli, pis sözlərə layiqdir. Oyunçularla azarkeşlər arasında sivil münasibət olmalıdır”.