“Bu oyunda qələbəyə layiq idik”
- 17 Dek 2024 23:20
- 38
Bu gün AÇ-2026-nın əsas mərhələsi çərçivəsində ilk oyununu keçirən futzal üzrə Azərbaycan millisi İsveçlə heç-heçə edib.
Rekord.az xəbər verir ki, 3:3 hesabıyla başa çatmış oyundan sonra millimizin baş məşqçisi Vitali Borisov jurnalistlərin suallarını cavablandırıb:
“Oyuna yaxşı başladıq, qol da vurduq. Sadəcə, birinci hissədə çox cərimə qazandıq və 5 foul limitini erkən doldurduq. Bundan sonra öz oyunumuzu oynaya bilmədik, ehtiyatlı olmağa çalışdıq. Çünki 12 dəqiqə ərzində əlavə cəriməyə görə 10 metrlik təyin olunacaqdı.
İkinci hissədə daha yaxşı oynadıq. Uşaqların oyununu bəyəndim. Epizodlarımızdan istifadə edə bilmədik. Rəqib isə 5-ci oyunçu ilə oynadı və 2 qol vurdu. Bunun üzərində çox işləmək lazımdı. Təəssüf ki, millinin toplanışında buna çox vaxt ayırmaq olmur. Matçın başa çatmasına 2 saniyə qalmış hesabı bərabərləşdirsək də, uşaqlar yaxşı mübarizə apardılar, sona qədər “vuruşdular”. Rəqibin fərqləndiyi ikinci qolda hakim səhv qərar qəbul etdi. Top rəqibdən çıxsa da, outdan topu onlar oyuna daxil etdilər və qol vurdular. Bu oyunda qələbəyə layiq idik.
Yenə deyirəm, yeni komanda qururuq. Yerli futzalçılarla işləməkdən həzz alıram, amma çatışmayan cəhətlərimiz də kifayət qədərdir. Bu gün heyətimizdə yaşlı futzalçılar var. Onlar da bir neçə ildən sonra karyerasını başa vuracaq. Ona görə gəncləri tapmalı, onları öyrətməliyik”.