“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, o, 1:0 hesablı qələbəni belə şərh edib:   


“Gələn-gəlməyən bütün azarkeşlərimizə görə təşəkkür edirik. Bu oyunda əziyyəti olan hər kəsə təşəkkür edirəm. Elə insanlar var ki, onlar kölgədə qalırlar, lakin əziyyətləri böyükdür. 


Birinci oyundan sonra komandanın özünü hazırlaması önəmli idi. Oyun haqda danışmaq çox çətindir. Bu cür oyunlarda qol buraxmamaq üçün mübarizə aparmaq önəmlidir. Futbolçularıma təşəkkür edə bilməmişəm. Bu gün də xarakterin önəmini göstərdik. 


Bu il nə qopara biliriksə, onu qoparmağa çalışacağıq. Bacardığımız qədər çempionatın sonuna kimi xal yığmaq istəyirik.


Hakimliklə bağlı bizim oyunlarda baş verənlər artıq məni narahat edir. Düzdür, hakimlərin də işi çətindir. Lakin hər bir epizod kitabda yazıldığı qədər də olmur. Oyunu dərindən analiz edib, dərk etmək lazımdır. Qırmızı vərəqə ilə razılaşmadım. Mənim fikrimcə, orada “qırmızı”lıq bir nüans yoxdur və mən buna etiraz edirəm. Hakimlərin kitabla deyil, düşdüyü situasiyaya uyğun qərar verməyini istəyirəm. Mənim fikrimcə, bu VAR-ı rədd etmək lazımdır.  Burada sarı vərəqə ilə bağlı söhbət bağlanmalıdır. Burada məntiqlə düşünmək lazım idi. “Qırmızı” artıq idi. Düşünürəm ki, bunu nəzərə alarlar və bizim apelyasiyaya müraciət etməyimizə ehtiyac qalmaz”.