“Kəpəz” Birinci Divizionda ikinci dövrəyə hazırlığı Bakıda davam etdirir.

Rekord.az xəbər verir ki, komanda paytaxtda məşq etməklə yanaşı, yoxlama oyunları da keçirir. 

Toplanış barədə “sarı-göylər”in kapitanı Əli Səmədov klubun mətbuat xidmətinə fikirlərini bölüşüb:

“Təlim prosesi nəzərdə tutulduğu formada davam edir. Səylə məşq edib, oyunlara hazırlaşırıq. Gəncədəki təlim-məşq toplanışı ağır keçmişdi. Çünki gündə iki dəfə hazırlıq keçirdik. Gərgin məşqlərin fonunda “Turan Tovuz” ilə yoxlama matçına da çıxdıq. Pis oynamadıq. Ümumilikdə uşaqlar həvəslə məşq edir və hazırlıq prosesi normal qaydasında gedir. Hər şey yaxşıdı. İnşallah, bunun bəhrəsini ikinci dövrədə görəcəyik. Bakı toplanışını yekunlaşdırdıqdan sonra Gəncədə sırf çempionatın təqvim oyununa hazırlaşacağıq, qarşıdakı görüşlərə köklənəcəyik. Komandada dəyişikliklər də var, yeni futbolçular cəlb olunub. Yaxşı oyunçular heyətimizə qoşulub. Onlara kollektivə uyğunlaşmaq üçün bir az vaxt lazımdı. Uşaqlar özlərini yaxşı tərəfdən göstərməyə çalışırlar. Tam adaptasiya olmasalar da, istəkli olduqları görünür. Oynamaq, mübarizə aparmaq istəyirlər. Bu, sevindirici haldı. Düşünürəm ki, bizə xeyirləri dəyəcək”.